“Bank of Baku” 2 il öncə vəfat etmiş Qarabağ veteranının ailəsini təhqir edib.

İndex.az xəbər verir ki, bunu qazinin qohumu Tural İbadlı özünün sosial şəbəkə hesabında yazıb.

“Bildiyiniz kimi, Vətən müharibəsi veteranı Səbuhi Məmmədov 2 il öncə dəm qazından boğularaq vəfat edib. Onun vəfatından bir müddət sonra bilmişik ki, “Bank of Baku”dan kredit götürüb və təxminən 1000-1200 manat borcu qalıb”.

T.İbadlı bildirib ki, üstündən 2 ilə yaxın vaxt keçib: “Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən. Hətta bank əməkdaşı bir qədər də genələrək qayıdıb ki, "Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin".

Bir sözlə indi də veteranın ailəsini bank tərəfindən məhkəməyə verilib. Sentyabrın 1-də işə Şirvan şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.