Ötən il "Azərişıq" ASC Azərbaycanda ilk dəfə 3D mobil mapping (mobil xəritələmə) texnologiyasını tətbiq etdiyini açıqladı. Qurumun yaydığı məlumatda deyilirdi ki, yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və qurğuların, o cümlədən tikili və avadanlıqların yerləşdiyi ərazinin 3D - multi-direktoriya formatında scan olunması həyata keçirilir, müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin, transfarmatorların, dayaqların, sayğaclar və onlara qədər olan ötürücü naqillərin coğrafi mövqeləri relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir.

Həmin layihəni həyata keçirən Almaniyanın “EKM Global Consulting GmbH” şirkətidir. “EKM Global Consulting GmbH” şirkəti 2013-cü ilin yanvarında yaradılıb, hazırda Baden-Badendə yerləşir. Şirkətin fəaliyyəti 3D- skan, virtual reallıq və paralel reallıqla bağlı texnologiyaların, proqram təminatlarının hazırlanması, 3D mobil xəritələmə sistemlərinin və onların proqram təminatının işlənib hazırlanması və 3D mobil xəritələrin tərtibi üçün skan proseslərinin həyata keçirilməsi ilə bağlıdır.

Şirkət bu işlərə təxminən 3-4 il əvvəl başlayıb və elə ilk fəaliyyət dövründən müasir texnologiyaların təlim-tədris prosesini də həyata keçirir. İlk layihələri Almaniyada Baden-Baden şəhər kitabxanası ilə bağlı oldu. Daha sonra Baden-Baden şəhərinin mərkəzində yerləşən məşhur kilsələrdən biri skan edildi və geniş izləyici kütləsinə təqdim olundu. Ardınca Haydelberg şəhərində şəhər kitabxanası - hansı ki, çox böyük kitabxanadır və bir çox digər müəssisələr, strukturlar 3D skan olundu, onlarla məsafədən tanışlıq məqsədilə virtual turlar təşkil edildi.

Şirkətin direktoru Elşən Musayev bu məqamda maraqlı bir epizodu xatırladır: "Bizə indi adını çəkmək istəmədiyim şirkətdən sifariş gəlmişdi, sifarişi yerinə yetirdikdən sonra həmin strukturun rəhbəri baxdı və dedi ki, bu virtual turu istifadə eləmək olmaz. Çünki təsvirlər o dərəcədə dəqiq idi ki, bu virtual turu görəndən sonra həmin müəssisənin skan olunan hissəsinin nə dərəcədə keyfiyyətsiz olduğunu, təmirə ehtiyacı olduğunu gördü. Və bundan sonra onu təmirə bağladılar".

Azərbaycanda elektrik təchizatı şəbəkəsinin 3D xəritəsinin işlənib hazırlanması hansı üstünlüklər vəd edir?

Bu suala Elşən Musayev bu cür cavab verir: "2020-ci ilin aprel-may aylarında biz belə bir pilot layihəni Şirvan şəhərində həyata keçirdik. Və elə həmin ərəfədə, cənab Prezident İlham Əliyevin CİSCO rəhbəri ilə görüşündə “smart nation”, “smart country” (“ağıllı millət”, “ağıllı ölkə”) konsepsiyasının həyata keçirilməsini müzakirə etdi, nəticədə, bu layihəyə maraq daha da artdı. 3D mobil xəritə ağıllı həllər, ağıllı şəhər, ağıllı ölkə konsepsiyasının baza elementidir. Təkcə elektrik təchizatı müəssisəsi deyil, digər qurumlar da bu texnologiyadan istifadə edə bilərlər. Əsas məsələ, bu texnologiyanın hansı əhəmiyyətə malik olmasını bilməkdir. İndiki halda layihənin “Azərişıq” üçün əhəmiyyətindən danışarkən deyə bilərik ki, infrastrukturun qiymətləndirilməsi üçün müxtəlif məsafədə yerləşən ərazilərə getmək lazım gəlməyəcək. Artıq infrastruktur birbaşa kompüterdə, bütün koordinatları ilə birlikdə 3D xəritə üzərində olacaq. Bununla yanaşı, istənilən yerin, ərazinin xəritəsinə baxdıqda bir kliklə onun 360 dərəcə panoramasını, nöqtə buludunda yerlərini görmək mümkün olacaq.

İkincisi, elektrik şəbəkəsində fors-major situasiyalar baş verir, məsələn, qış aylarda küləkli, qarlı havalarda qəzalar olur. Bu hallarda, həmin qəzaların vaxtında aradan qaldırılması və ya qarşısının alınması üçün infrastrukturun qiymətləndirilməsi vacibdir. Məsələn, yıxılma təhlükəsi olan ağacın elektrik xəttinin üzərinə düşməsi və abonentlərin işıqsız qalması riskini qabaqcadan riyazi model üzərindən proqnozlaşdıraraq qabaqlayıcı tədbirlər görmək mümkün olacaq. Digər tərəfdən, bəzi yerlərdə insanlar elektrik dirəklərini hasarlayıb öz həyətlərinə salırlar ki, bu da çox riskli məsələdir. Bu məsələlərin “əvvəl və sonra” situativ həqiqətin analiz olunmasında 3D mobil xəritənin çox böyük rolu var.

Yaxud, yeni layihələr həyata keçirilərkən yerlərə gedib ölçmə, hesablama işlərini aparmağa ehtiyac olmayacaq. Bunu kompüter üzərindən həyata keçirə biləcəklər, nəticədə şəffaflıq və operativlik artacaq, texniki-iqtisadi səmərəlilik göstəriciləri yüksələcək".

Bu, abonentlər üçün hansı əhəmiyyəti kəsb edir? Elşən Musayev bildirir ki, yeni ev, obyekt tikib onu elektrik şəbəkəsinə qoşmaq istəyənlər ASAN Kommunal, yaxud birbaşa “Azərişıq” ASC-yə müraciəti zamanı layihələndirmə işləri daha sürətli, daha şəffaf həyata keçiriləcək. İnsan amilinin rolu azalacaq, proseslərə kənar müdaxilələrin, yersiz ləngitmələrin ehtimalı aradan qaldırılacaq. Bu baxımdan hesab edirəm ki, 3D mobil xəritə texnologiyası digər sahələrdə olduğu kimi, kommunal xidmətlər və elektroenergetika sahəsində də çox vacib texnologiyadır, insanlar və təsərrüfat subyektlərinin işi üçün çox faydalıdır. Əgər biz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılacağını nəzərə alsaq, burada, planlaşdırma, qiymətləndirmə və imkanların dəqiqləşdirilməsi üçün 3D-mobil xəritə sistemi əlçatanlıq və istifadə sadəliyi baxımından daha çox fayda gətirə bilər.

"Azərişıq" ASC-nin qarşısında dayanan başlıca vəzifə bütün ölkə boyu abonentlərin fasiləsiz elektrik təchizatını təmin etməklə yanaşı həm də şəbəkədə itkiləri minimuma endirməkdir. Hesab etmək olarmı ki, 3D mobil xəritə texnologiyasının tətbiq edilməsi həm də bu məsələdə işə yarayacaq?

Elşən Musayevin cavabı birmənalıdır - əlbəttə! Elektrik enerjisinin itkiyə getməsinin bir çox səbəbləri var. İtkini aradan qaldırmaq üçün əvvəlcə onun səbəblərini aydınlaşdırmaq lazımdır və bu işdə 3D mobil xəritənin böyük rolu ola bilər. İnsan xəstələnəndə onu müalicə etmək üçün əvvəlcə düzgün diaqnoz qoyulmalıdır, çünki səhv diaqnoz böyük fəsadlara aparıb çıxarır. 3D mobil xəritə də infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsində düzgün diaqnozun qoyulması baxımından - baza elementidir.

Yerlərdə işçilər vəziyyəti araşdırarkən müəyyən informasiyaları görürlər və mühəndis-texniki heyətə ötürürlər, amma orada nəzərə çarpmayan, görünməyən detallar var ki, bunlar gələcəkdə ciddi fəsadlara gətirib çıxaracaq. 3D mobil xəritə mövcud olanda isə rəhbərlik, mütəxəssislər infrastrukturun vəziyyətini daha detallı şəkildə təhlil edib, yarana biləcək problemləri vaxtında müəyyən edə biləcəklər.

Amma bir məqama diqqət yetirmək lazımdır: 3D mobil xəritə bütün məsələlərin həlli demək deyil, onları həll etmək üçün baza elementidir. Yəni xəritə infrastrukturun vəziyyətini tam şəkildə, bütün koordinatları ilə göstərir, oradakı qüsurları görməyə imkan verir. Həmin qüsurların aradan qaldırılması isə artıq müvafiq əməkdaşların, strukturların işidir.

Azərbaycanda daha hansı sahələrdə 3D mobil xəritə texnologiyasının tətbiq edilməsi faydalıdır və zəruridir? Bu sualın da cavabı Elşən Musayevdədir: "Avropada, Almaniyada, dünyanın inkişaf etmiş ölkələrində 3D mobil mapping kifayət qədər populyar texnologiyadır, ən müxtəlif sahələrdə geniş tətbiq edilir. Məsələn, bizim İsveçrədə olan parntyorumuz “Grunder” şirkəti bu ölkənin hökuməti ilə müqavilə əsasında yerli avtomobil yollarının qiymətləndirilməsi üzrə ekspert qismində seçilib. Onlar, bizim mütəxəssislər də cəlb olunmaqla, 3D mobil mapping və 3D-skan texnologiyalarının köməyi ilə işi həyata keçirirlər. Xüsusi proqram təminatı imkan verəcək ki, il ərzində avtomobil yollarının nə dərəcədə davamlı olduğunu yoxlanması, asfalt örtüyünün dözümlülüyünə nəzarət mümkün olsun.

Texnologiya dəmir yollarının, su təchizatı şəbəkəsinin qiymətləndirilməsində, şəhərsalmada da geniş istifadə olunur. Məsələn, 2019-2020 illər ərzində Londonda parkinq probleminin aradan qaldırılması üçün 3D mobil xəritədən istifadə olunub. Almaniyanın böyük şəhərləri il ərzində bir neçə dəfə bu texnologiyanı istifadə edirlər. Müvafiq strukturlar 3D xəritələri bir-birinə inteqrasiya edirlər və gələcək planlarını onun üzərində qururlar. İnfrastrukturun qiymətləndirilməsi, planlaşdırılması və layihələrin hazırlanması artıq ofisdən çıxmadan həyata keçirilir.

Mən yenə də işğaldan azad edilmiş ərazilərin bərpası tədbirlərinə qayıtmaq istərdim. Bildiyim qədər bu işə xarici ekspertlər də cəlb olunacaq. İndiki pandemiya şəraitində xarici mütəxəssislərin Azərbaycana gəlməsi problemlidir, digər tərəfdən onların yol xərcləri, ölkədə qalmaq xərcləri var. Amma 3D mobil xəritə imkan verir ki, həmin mütəxəssislər Azərbaycana gəlmədən də ərazilərin bərpasına dair layihələr üzərində işləsinlər. Nəticədə xeyli vəsaitə qənaət etmək, layihələndirməni daha sürətli aparmaq mümkün olardı".

Deməli, belə qənaət yaranır ki, Azərbaycanda da yol-nəqliyyat infrastrukturuna, suvarma sistemləri şəbəkəsinə və s. nəzarət edən strukturlar üçün 3D mobil xəritə texnologiyasının tətbiqi məqsədəuyğundur. Xüsusən də nəzərə alanda ki, Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə suvarma sistemlərindəki nöqsanlar və 50 faizə çatan su itkiləri barədə danışıb, aidiyyatı strukturlar qarşısında vəzifələr qoyub.

Elşən Musayev deyir ki, həqiqətən Azərbaycanda su təchizatı və suvarma sistemlərində mövcud olan problemlər barədə çox danışılıb, müzakirə olunub. Bu problemlərin aradan qaldırılmasında 3D mobil xəritənin də çox mühüm rolu ola bilər: "Həmin sahəyə cavabdeh olan strukturların öz problemlərini aşkar edib təhlil aparması, su sistemlərinin texniki vəziyyətini bilavasitə boruların daxilindən izləmək üçün 3D foto-video sənədləşdirmə texnologiyası var və biz bu texnologiyanı 2 il əvvəl Azərbaycana gətirərək, müvafiq strukturlara təqdim etdik. Texnologiyanın tətbiqini çox bəyəndilər, amma müqavilə bağlamaq alınmadı. Faktiki olaraq bu, dünyada çoxdan istifadə olunur, bizdə həmin texnologiyaların hamısı var, bu sahədə 30-40 ildir fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığımız da var.

Onu da deyim ki, bizim Azərbaycanda göstərdiyimiz xidmətlərin qiymətləri Avropa şirkətlərinin göstərdiyi xidmətlərin qiymətlərindən qat-qat aşağıdır. Çünki biz bu işləri görərkən yerli kadrlardan, yerli şirkətlərdən istifadə edirik. Subpodratçıları yerli şirkətlər arasından seçirik, amma işin keyfiyyətinə özümüz – EKM şirkətinin beynəlxalq mütəxəssisləri nəzarət edir. Bu halda işin qiyməti xeyli aşağı düşür və biz çox rəqabətədavamlı xidmətlər göstərə bilirik. Bütün bu problemlərin həllində, Azərbaycanda infrastrukturun təkmilləşdirilməsində bizim verə biləcəyimiz həlllər çox yardımçı ola bilər. Biz buna həmişə hazırıq".