Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir.
İndex.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər.
O bildirib ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır: “Belə ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 % artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 %, MDB dövlətlərindən gələnlərin sayı isı 8,2 % azalıb. Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1,7 % azalaraq 2 milyon 171 min nəfər olub”.

V.Bayramov qeyd edib ki, gələnlərin 24,4 %-i Rusiya, 17,4 %-i Türkiyə, 8 %-i İran, 6,6 %-i Hindistan, 4,3 %-i Səudiyyə Ərəbistanı, 4,2 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,4 %-i Pakistan, 2,6%-i Çin, 2,4 %-i İsrail, 2,3 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 %-i olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub: “Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur”.
