Avstraliyanın Ehtiyat Bankı 5 Avstraliya dolları əskinasını yeniləmək qərarına gəlib.

İndex.az xarici mətbuata istinadən xəbər verir, yeni dizayn mərhum kraliça II Yelizavetanın portretini əvəz edəcək.

Avstraliya Ehtiyat Bankının məlumatına görə, 5 dollarlıq əskinasda ilk avstraliyalıların mədəniyyətinə və tarixinə həsr olunmuş yeni dizayn təqdim olunacaq. Digər tərəfdə hələ də Avstraliya Parlamenti əks olunacaq.

Avstraliya Ehtiyat Bankının İdarə Heyətinin bu qərarı dəyişikliyi dəstəkləyən Avstraliya hökuməti ilə məsləhətləşmələrdən sonra verilib. Yeni əskinasın hazırlanması və çapı bir neçə il çəkəcək.

Bu arada hazırkı 5 dollarlıq əskinas buraxılmağa davam edəcək. Onu hətta yeni əskinas buraxıldıqdan sonra da istifadə etmək mümkün olacaq.

Xatırladaq ki, ötən ilin sentyabrın 8-də Kraliça II Yelizaveta 96 yaşında Balmoral qalasında vəfat edib. O, tarixdə ən uzun müddət kraliça olan ikinci monarx olub.