Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu ("TAEF") "CVC DIF" ilə tərəfdaşlıq çərçivəsində, "DIF VII" fondunun "PAL Cooling Holding" ("PAL") şirkətində 50 %-lik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.
İndex.az Fonda istinadən xəbər verir ki, "TAEF" və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri "CVC"-nin infrastruktur strategiyası olan "CVC DIF" və "Tabreed" dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan "PAL Cooling Holding"in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, "CVC DIF" və "Tabreed" tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə "PAL" şirkəti 50/50 %-lik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi təşkil edib.
"PAL Cooling Holding" BƏƏ-də mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. "PAL" ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.
"TAEF" və ARDNF-nin "CVC DIF" ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək "PAL"ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.
"Tabreed" isə "CVC DIF" ilə birgə müəssisədə 50 %-lik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən "Tabreed" BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, "Dubai Financial Market"-də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.
