“Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili səfərlərdə yeni istiqamətin başlanılacağının anonsunu verib.

İndex.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkədəki hesabında məlumat verilib.

“Tezliklə! Ölkədaxili səfərlərdə yeni istiqamət”, - məlumatda deyilir.

Doğrudur, bu istiqamətin hara olacağı ilə bağlı məlumat verilməsə də, yeni marşrutun Ağdam şəhəri olacağını güman edilir.

Qeyd edək ki, bu il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub. Ərazisi 8 hektara yaxın olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu il mayın 23-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etmişdi. Görüntülərdə Bakı-Ağdam qatarının platformaya çatması əks olunmuşdu.