Yaponiyada eniş edən sərnişin təyyarəsinin təkəri partlayıb

Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanında fəlakətin astanasının qarşısı alınıb.

İndex.az xəbər verir ki, Yaponiya Hava Yollarına (JAL) məxsus, İşikava prefekturasının Komatsu hava limanından qalxan JL182 reys nömrəli “Boeing 737-800” tipli təyyarənin sol təkərlərindən biri eniş zamanı partlayıb.

Qəzaya baxmayaraq, təyyarə 09.25 radələrində enişini təhlükəsiz şəkildə başa vurub və hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb. Bildirilib ki, taksi yoluna çəkilən təyyarə təkər dəyişdirildikdən sonra aprona yaxınlaşıb.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi uçuş-enmə zolağının təxminən 25 dəqiqə hava hərəkətinə bağlı qalması səbəbindən 15 reysin gecikdiyini açıqlayıb. Bu gün eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi bildirilib. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.