
Təəssüf ki, insanlığın beşiklərindən biri sayılan Azıx mağarası Ermənistan işğalı zamanı silah anbarı kimi istifadə olunub.
İndex.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
Xidmət rəisi eyni zamanda azad olunan ərazilərdə işğal zamanı mədəni irsə vurulan zərbələrdən bəhs edib:
“Ağdam şəhəri elə bir hala salınıb ki, biz oranı “Azərbaycanın Hiroşiması” adlandıra bilərik. Füzulidə demək olar ki, yararlı vəziyyətdə qalan tikili yoxdur”.
O, həmçinin işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmaların aparıldığını, arxeoloji məlumatların öyrənildiyini də diqqətə çatdırıb:
“Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır”.