İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Doqlioninin sözlərinə görə, zəlzələdən sonra Anadolu yarmadası yerini dəyişib.
İndex.az xəbər verir ki, INGV-nin rəhbəri Doqlioni İtaliya mətbuatına verdiyi açıqlamada mərkəzi Kahramanmaraş olan ümumilikdə 10 əyaləti təsir edən zəlzələləri qiymətləndirib.
Zəlzələlərin Şərqi Anadolu, Ərəbistan və Afrika plitələrinin kəsişmə nöqtəsində meydana gəldiyini qeyd edən Doqlioni, Türkiyənin bir ucundan digərinə uzanan iki böyük faydan birinin hərəkətə keçdiyini və həmin fayın həm də İordaniya, İsrail, Livan və Suriyadan keçərək Ölü dəniz kənarı ilə Ərəbistan yarımadasını Afrikadan ayıran ən aktiv qırılmalardan biri olduğunu bildirib.
Yerin bu qırılma boyunca hərəkət etdiyini söyləyən Doqlioni, hərəkət sahəsində 3 metrlik sürüşmə olduğunu qeyd edib.
Doqlioni, hələlik ilk təxminlərinə görə yerdəyişmənin 3 metr olduğunu, dəqiq məlumatı isə peyk məlumatlarını əldə etdikdən sonra verəcəklərini bildirib.
