"Nissan" elektrik mühərriki hissəsinin alışmasına səbəb ola biləcək nasazlığa görə 527 mindən çox avtomobili geri çağırıb.

İndex.az xəbər verir ki, Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin (MLIT) yayımladığı məlumata görə, "Nissan" mühərrik hissələrinin nasazlığı ilə bağlı hesabat alıb.

Nazirliyin məlumatına görə, "Nissan" elektrik mühərriki hissəsinin alışmasına səbəb ola biləcək nasazlıq səbəbindən avtomobillərini geri çağırmaq qərarına gəlib.

Problemin qaynağı kimi "start-stop" sisteminin elektrik mühərriklərinə doğru komanda verməməsi və komponentlərdə nasazlığın yaranması göstərilib.

Nazirliyin açıqlamasında bildirilib ki, eyni problemə görə "Nissan" istehsalı olan 5 avtomobil tam, 6 avtomobil isə qismən yanıb.

Bununla bağlı "Nissan" "X-Trail", "Serena" mikroavtobusu və "Landy" minivan modelləri də daxil olmaqla 527 min 491 avtomobili geri çağırıb.

Geri çağırılan avtomobillərin təxminən yarısı 2010-cu ilin sentyabrından 2017-ci ilin iyununa qədər istehsal edildiyi bildirilir.