“İcra başçısı və onun müavinləri yerindədir”.
Bunu İndex.az-a açıqlamasında Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ehtimad Ağahüseynov deyib.
“İcra başçısı və onun müavinləri istefa verməyiblər. Mən hal-hazırda İcra Hakimiyyətindəyəm, iş başındayam. İcra başçısı və onun müavinləri yerindədir”, - deyə E.Ağahüseynov bildirib.
İcra başçısı və müavinləri əvvəl zənglərimizə cavab verməsələr də, icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev sonradan bizimlə əlaqə saxladı.
M.Mirzəyev İndex.az-a açıqlamasında bildirdi ki, heç kim istefa verməyib:
“Harada görünüb ki, İcra Hakimiyyətindən kimsə istefa versin? Biz əmrə tabeyik. Deyəcəklər “Çıx!”, o zaman çıxacağıq. “Qal!” desələr, qalacağıq. Dövlət qulluğunda indiyə qədər görünübmü kimsə istefa versin? Bunun hamısı cənab prezidentin səlahiyyətində olan bir şeydir. Nə vaxt deyəcəklər “Get!”, biz də gedəcəyik”.
Qeyd edək ki, ötən gecədən etibarən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və onun müavinlərinin istefa verməsi ilə bağlı xəbərlər yayılmışdı.
