Yaponiya alimləri bütün qan qruplarına uyğun gələn, uzun müddət saxlanıla bilən və fövqəladə hallarda insanların həyatını xilas edə biləcək süni qan hazırlayıblar.

İndex.az xəbər verir ki, Nara Tibb Universitetindən Prof. Dr. Hiromi Sakai və komandasının üzərində çalışdığı bu yeni nəsil süni qan, hemoglobin vezikülləri (HbV) adlı mikrokapsullardan ibarətdir. Bu kapsulların tərkibində vaxtı keçmiş donor qanından alınan təmizlənmiş hemoglobin var və qırmızı qan hüceyrələrinin oksigen daşıma funksiyasını öz üzərinə götürür.

Ən diqqət çəkən xüsusiyyət HbV-nin bütün qan qruplarına uyğun olmasıdır. Bu sayədə fövqəladə hallarda və ya döyüş bölgələrində qan qrupunun uyğunluğunu gözləmədən ani transfüzyon həyata keçirilə bilər. Həm də otaq temperaturunda xarab olmadan iki ilə qədər saxlanıla bilər ki, bu da soyuq zəncir ehtiyacını aradan qaldırır və xüsusilə fəlakət bölgələrində böyük üstünlük təmin edir.

Süni qanın təhlükəsizliyi və effektivliyi hazırda Yaponiyada aparılan klinik tədqiqatlarda yoxlanılır. Sağlam könüllülərə 100 ilə 400 mililitr arasında olan dozalar tətbiq edilir və nəticələrə nəzarət edilir. Hər şey planlaşdırıldığı kimi getsə, məhsulun 2030-cu ilə qədər geniş istifadəyə verilməsi planlaşdırılır.