"Çin istehsalı olan avtomobillər Mərkəzi Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) satılarkən istehsalçı Aİ-93 markalı yanacaqdan istifadə etməyi tövsiyə edir. Lakin həmin avtomobillərin Azərbaycandakı dillerləri Aİ-95 markalı yanacağı məsləhət görürlər".

Bunu İndex.az-a açıqlamasında ekspert İlham Şaban bildirib.

"Çünki bizdə yerli istehsal yanacaq müasir keyfiyyət tələblərinə cavab vermir. Bu isə avtomobilin əlavə yanacaq işlətməsinə səbəb olur. 2019-cu ildə “Audi” markalı avtomobilə Rusiyada, Almaniyada və Avstriyada eyni oktanlı benzini vuraraq test etmişdilər. Avtomobillərin benzin işlətməsi arasında 1.5 litr fərq olmuşdu. O zaman qeyd etmişdilər ki, Rusiyadakı yanacaq “Euro-5” kimi qələmə verilsə də, əslində belə deyil. Rusiya benzini maksimum “Euro 4+” ola bilər. Lakin 2022-ci il üzrə göstəricilərə nəzər saldıqda görürük ki, ölkəmizdəki 92 markalı benzinin keyfiyyəti yüksəlib. Bunun da səbəbi var. 92 markalı benzinin kefiyyətinin yüksəlməsinin səbəbi yerli istehsalın yaxşılaşması deyil. Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin ilk 10 ayında aşağı oktanlı benzin idxalına 190 milyon dollar vəsait xərclənib. 95 və 98 markalı benzin idxalının qiyməti heç 100 milyon dolları keçmir”.

Avtomobil bazarı üzrə ekspert, "MasterClass" radio layihəsinin rəhbəri Raqif Raufoğlu də İlham Şabanın fikirləri ilə razılaşır:

"Bizim istifadə etdiyimiz yanacaq SSRİ dövründən qalan neftayırma zavodunda istehsal olunur. Biz illərdir bu mövzu ilə bağlı onlara suallar ünvanlayırıq. Hər dəfə son tamamlama işlərinin aparıldığını bildirirlər. Bu zavod ildə 4-5 ay (aprel ayından sentyabr ayınadək) təmirə bağlanır. Zavod təmirdə olduğu müddətdə yanacaq ölkəmizə hər dəfə fərqli-fərqli yerlərdən - ya Türkmənistan, ya Rusiyadan gətirilir. Həmin 4-5 ay ərzində avtomobillərdə nasazlıqlar baş qaldırır. Servislər avtomobillərlə dolur, yanacaqdan pis qoxu gəlir, avtomobil əvvəlki kimi işləmir, mühərriklərdə detonasiya yaranır və s. Bu, o deməkdir ki, Aİ-92 markalı yanacaq il ərzində fərqli keyfiyyətlərdə olur. Yanacağın keyfiyyəti normal olanda avtomobillər nisbətən yaxşı işləyir. Neftayırma zavodu təmirə bağlananda isə xaricdən idxal olunan keyfiyyətsiz yanacaq sayəsində mühərrikdə fəsadlar ortaya çıxır. Ona görə, istehsalçı Aİ-92 markalı yanacağı tövsiyə etsə də, diller rəsmiləri 95 markalı yanacağı məsləhət görürlər".

Məsələ ilə bağlı İndex.az-a danışan avtomobil ustası Əli Sultanov bildirdi ki, yanacağın keyfiyyəti aşağı olduqda mühərrikdən normal performans almaq mümkün deyil:

"Ona görə, mühərrik daha böyük güclə işləyir. Belə olduqda əlavə yanacaq sərfiyyatı qaçılmazdır. Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti çox aşağıdır. Demək olar ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Ümumiyyətlə Aİ-92 markalı yanacaq son 1 ildə daha da keyfiyyətsizləşib. Təsəvvür edin, bu yanacağ hətta 2000-ci il istehsalı olan avtomobillər də normal işlədə bilmir. Səhərlər avtomobilin mühərriki işə düşmür. Kameralarda alışma getmir. Əgər ölkəmizdə istehsal olunan Aİ-92 markalı yanacaqla yeni nəsil avtomobilləri işlətsək, çox keçmədən avtomobilin katalizatoru məhv olacaq".

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına icraçı direktoru Eyyub Əliyev isə İndex.az-a bildirdi ki, Mərkəzi Asiya ölkələrindəki yanacağın keyfiyyəti haqqında məlumatı yoxdur:

"Biz alıcılara istehsalçının tövsiyə etdiyi yanacağı işlətməyi məsləhət görürük. Hal-hazırda elə markalar var ki, istehsalçı onlarda Aİ-92 markalı yanacağı işlətməyi tövsiyə edir. Bu, mühərrikin həcmindən və s. amillərdən aslıdır. Bu gün avtomobil salonlarında zavodun verdiyi zəmanət kitabçası üzrə və digər texniki göstəricilərə uyğun tövsiyələr verilir. Dilerin istehsalçının təlimatından kənara çıxmağa hüququ yoxdur. Lakin bəzən alıcı avtomobili zavodun təlimatına uyğun istifadə etdikdə belə problemlərlə üzləşir. Alıcı avtomobilin problemini tapmaq üçün servisə gətirdikdə problemin mənbəyi yanacaq olarsa, bu zaman həm servis, həm də diller daha yüksək oktanlı yanacaqdan istifadə olunmasını məsləhət görə bilər".