Bilmirəm, bəlkə də həyatın ironiyasıdır, amma ezam olunduğum Xudat şəhərinə yenicə daxil olmuşdum ki, avtomobildə "Təbib, sən əlləmə mənim yaramı" mahnısı səslənirdi... İroniya elə məhz burdadı – yaramızı əlləyən TƏBİB-dir. Dərdimizə dərman olmalı olan TƏBİB...
İndi isə keçək mətləbə. Xaçmaz rayonu ərazisində yerləşən Xudat şəhərində... adamın dili gəlmir deməyə, əli gəlmir yazmağa, amma bir xəstəxana var. Elə bir xəstəxana ki, sağlam adam ora girsə, xəstə çıxar. Xəstəxana TƏBİB-ə tabedir. Fotolarda gördüyünüz tibb ocağı (xəstəlik ocağı daha doğru olar) 70 minlik (!) əhali üçün nəzərdə tutulub. Xudat – strateji şəhərdir.

Yerli sakinlərdən birinin dediklərinə nəzər salaq: "Dəfələrlə Nabranda və ətraf kəndlərdə yol-nəqliyyat hadisəsi olub, amma ağır vəziyyətdə olan yaralıları məcburən Quba və ya Qusar xəstəxanasına aparılıblar. O qədər hal olub ki, qanaxmadan elə yolda ölüblər. Bunun məsuliyyəti kimdədir? 1 ildə 70-ə yaxın insan sırf məsafənin uzağ olması səbəbində qanitirmədən dünyasını dəyişib".
Bu sual illərdir açıq qalır... Digər sakinin fikirləri: "Yaxın 50 kilometrdə başqa tibb məntəqəsi, xəstəxana yoxdur. Xudat turistlərin ən çox gördüyü yerlərdən biridir. Təsəvvür edirsiz, bu zonada bir turistə nəsə olsa, onun dalınca SSRİ-dən qalma bir Təcili Tibbi Yardım maşını gəlir. Rəzalət deyil? Ölkənin imici məsələsi var. Turistin və ya yerli sakinin həyatı təhlükədə deyil? Xəstəxananın binası uçur-dağlır... Avtomobillərin istismar müddət başa çatıb. Səhiyyə sisteminə ayrılan milyonlar hara gedir".
Xəstəxananın balansında 3 təcili tibbi yardım maşını var, 2-si "Nuh əyyamı"ndan qalma...

Sakinərlərə konkret sual ünvanladıq: qurumlara müraciət olunubmu?
"Qardaş, hamısının xəbəri var. Hətta buranın (xəstəxananın – red.) fotolarını bütün Azərbaycan sosial şəbəkələrdə müzakirə etdi. Nə faydası? Qurumlar bir-birinin üstünə atır", - sakinlərin cavabı budur.
Məsələdən Xaçmaz rayon İcra Hakimiyyətinin rəhbərliyinin də xəbəri var. İcra başçısının kömkəçisi Turan Məmmədzadə İndex.az-a bildirdi ki, bununla bağlı RİH dəfələrlə aidiyyatı üzrə müraciət edib: "TƏBİB-in balansında olduğuna görə bizim məsələ haqqında bilgimiz azdır. Amma bildiyim qədəri ilə Xudatda ailə sağlamlıq mərkəzi yaradılıb, təcili tibbi yardım stansiyaları fəaliyyət göstərir".

Xaçmaz rayonunun millət vəkili Sevil Mikayılova isə bizimlə söhbətində bunları dedi: "Xudat şəhər xəstəxanasının bərbad vəziyyətdə olması ilə bağlı məlumatım var. Hətta bununla bağlı Milli Məclisdə 4 dəfə çıxış etmişəm".
Görünür, millət vəkilini eşidən yoxdur... Yalnız danışmaqla iş düzəlmir.

İndex.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirdilər ki, tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması layihəsi çərçivəsində Xudatda ailə sağlamlıq mərkəzi yaradılıb, təcili tibbi yardım stansiyaları fəaliyyət göstərir: "Sözügedən bina uzun illərdir - 1965-ci ildən istismar olunurdu, əvvəldən də infrastruktur olaraq xəstəxana üçün nəzərdə tutulmayıb, hazırda da istifadəyə yararsız vəziyyətdədir. Yeni xəstəxana üçün yer ayrılıb, növbəti ilə yeni tibb müəssisəsinin inşası planlaşdırılır. İxtisaslı tibbi xidmətin mərkəzləşdirilməsi, maddi-texniki bazanın və kadr potensialının optimallaşdırılması nəzərdə tutulur".
Mirəli Qasımov
Bakı-Xudat-Bakı
