"Microsoft"un ən son əməliyyat sistemi "Windows 11" başqa serverlərə böyük həcmdə istifadəçi məlumatlarını göndərir.

İndex.az xəbər verir ki, "The PC Security Channel" "YouTube" kanalı "Windows 11"in ən son versiyasının şəbəkə fəaliyyətini "Windows XP" ilə müqayisə edərkən "Windows 11"in istifadəçi məlumatlarını həm "Microsoft"a, həm də başqa şirkətlərə, o cümlədən "Google" və bazar araşdırması firmalarına məxsus ünvanlara göndərdiyini üzə çıxarıb.

İstifadəçi məlumatlarının göndərildiyi yerlər arasında "Microsoft", CDN provayderi "Akamai", sertifikatlaşdırma mərkəzi "Digicert", "Google", antivirus inkişaf etdiricisi "McAfee", bazar araşdırması layihəsi olan "ScorecardResearch" və oxşar fəaliyyətləri olan "Onetrust" şirkətinin serverləri üstünlük təşkil edir.

Maraqlıdır ki, bütün bu şəbəkə fəaliyyəti ilk dəfə internetə qoşulmuş "Windows 11" noutbukunda aşkar edilib. Əməliyyat sistemində yalnız trafiki təhlil edən "Wireshark" proqramı quraşdırılıb.

Youtube kanalı müqayisə üçün "Windows XP"də bu prosesi təkrarlamağa qərar verib. Köhnə sistemin əlaqə saxlamağa çalışdığı yeganə server "Windows Update" olub.

"Windows 11" isə internetə ilk dəfə qoşulmağına baxmayaraq istifadəçidən heç bir icazə istəmədən bütün bu xidmətlərlə əlaqə saxlamağa başlayır.