Populyar mesajlaşma proqramı "WhatsApp", 1 oktyabr 2024-cü il tarixindən etibarən bəzi telefon modelləri üçün dəstək təklif etməyəcəyini açıqladı.

İndex.az xəbər verir ki, "Meta" tərəfindən edilən açıqlamaya görə, bu vəziyyət həm "Android", həm də "iPhone" istifadəçilərinə təsir edəcək.

"WhatsApp" köhnə cihazların yeni proqram tələblərinə cavab verə bilmədiyi üçün ümumilikdə 19 fərqli cihazın dəstəkdən kənarlaşdırılacağını bildirib. İstifadəçilərin bu tarixdən sonra tətbiqdən istifadə etməyə davam etməsi üçün onlar cihazlarını yeniləməli və ya yeni uyğun modelə keçməlidirlər.

"WhatsApp"ın artıq işləməyəcəyi telefon modelləri arasında xüsusilə diqqət çəkən "iPhone" modelləri var. 1-ci nəsil "iPhone SE", "iPhone 5", 5C, 6 və 6 Plus kimi köhnə nəsil cihazlar yeni proqram yeniləmələri ilə uyğun gəlmədiyi üçün "WhatsApp" dəstəyindən yararlana bilməyəcək. Bu, istifadəçilər üçün əhəmiyyətli dəyişiklik deməkdir, çünki bir çox insanlar hələ də bu modellərdən fəal istifadə edirlər.

"Android" tərəfində "Samsung", "Huawei", "Lenovo", "Sony" və "Motorola" kimi markaların bir çox modeli də dəstəklənməyəcək. "Samsung"un "Galaxy Ace Plus", "Galaxy Core", "Galaxy Express 2" kimi modelləri ilə yanaşı "Huawei"in "Ascend P6 S" və "Ascend Y625" kimi cihazları "WhatsApp"dan istifadə edə bilməyəcək. Bundan əlavə "Lenovo A820", "Sony Xperia Z1" və "Motorola Moto G" kimi telefonlar da siyahıdadır.