Dövlət Vergi Xidməti bəzi hallarda ƏDV ödəyicilərinin sub-uçot hesablarına təzyiq məqsədilə məhdudiyyət (“blok”) qoyur. Bu halda vergi ödəyicisi dövlət büdcəsinə ödəniş istisna olmaqla, öz ƏDV sub-uçot hesabı vasitəsilə digər ƏDV ödəyicilərinin sub-uçot hesabına və gömrük orqanlarına ƏDV ödəmək imkanından məhrum olur. Belə ki, sistem vasitəsilə ödəniş etmək istərkən “Səhv. Zəhmət olmasa VÖEN-i düzgün göstərin” məzmunlu şablon xəta ortaya çıxır.
Qeyd olunan xətanın aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidmətinə müraciət edildiyi halda isə “Vergi ödəyicisinin ƏDV sub-uçot hesabında hər hansı məhdudiyyət aşkar edilmədi” məzmunlu şablon cavab verməklə kifayətlənlər. Nəticədə vergi ödəyiciləri ciddi əngəllə üzləşirlər.
Məsələ ilə bağlı İndex-az-a açıqlama verən vergi konsultantı Nahid Tağıyev bildirib ki, Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin ƏDV sub-uçot hesabına qoyduğu bu tipli süni “blok”lar tamamilə qanunsuzdur və qurumun nüfuzuna xələl gətirməkdən başqa məqsədə xidmət etmir:
“Belə ki, “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2-ci və AR Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1, 3.3.1 və 3.4.1-ci bəndlərinə əsasən, ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasına (istifadəçilərin təyin edilməsinə, sistemin işlək vəziyyətdə saxlanılmasına, vəsaitlərin hərəkətinə və s.) nəzarət üzrə məsul şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. ƏDV sub-uçot hesabından digər vergi ödəyicilərin sub-uçot hesablarına, dövlət büdcəsinə və idxala görə Dövlət Gömrük Komitəsinə köçürmələr həyata keçirilə bilər. ƏDV sub-uçot hesabından ödənişin həyata keçirilməsinə 4 halda – şəxs ƏDV ödəyicisi olmadıqda, İstifadəçi kodu, parol və ya şifrəsi səhv olduqda, şəxsin dövlət büdcəsinə borcu olduqda və vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda, məhdudiyyət qoyula bilər”.
N.Tağıyevin sözlərinə görə, yuxarıda göstərilən 4 hal olmadıqda, vergi ödəyicisi öz ƏDV sub-uçot hesabından sərbəst şəkildə digər vergi ödəyicisinin sub-uçot hesabına və Dövlət Gömrük Komitəsinə ödəniş həyata keçirə biləcəyi halda, Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təzyiq göstərmək məqsədilə qanunsuz olaraq, onların ƏDV sub-uçot hesabına “blok” qoyur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.11.2021-ci il tarixli 2-1(102)-1741/2021 nömrəli Qərarı qüvvəyə minib. Sənəddə qeyd edilir:
“İş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, proqram təminatının “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir.
İddiaçının bununla bağlı 12 may 2020-ci il tarixli müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir...Halbuki həmin müraciətdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyinə bağlıdır.
..Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən, elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır.
Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır.”
