Ekspertlər gələcək aylarda unun qiymətində müəyyən bahalaşmaların gözlənildiyini proqnoz edirlər. Bunu Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda bazarda yaranan qıtlıqla əlaqələndirirlər. Taxılın əldə olunmasında idxaldan asılı olan Azərbaycanda da problem ciddi şəkildə hiss olunur. Xüsusilə, rayonlarda son günlər un satışının dayandırıldığı barədə xəbərlər yayılır. Ümumiyyətlə, bazarda nə baş verir? Buğda, taxıl, un satışı üçün hansısa təhdidlər varmı?
İndex.az-ın suallarını iqtisadçı Eldəniz Əmirov cavablandırıb. Onun sözlərinə görə, un satışındakı məhdudiyyətlər lokal xarakter daşıyır:
“Mən rayonlarda un satışının olmaması ilə bağlı məlumata rast gəlməmişəm. Amma bunu tam inkar edə bilmərəm. Düşünürəm ki, bu çox qısamüddətli problemdir, ancaq ümumi deyil. Bu, ayrı-ayrı təsərrüfat subyektlərinin un satışına tətbiq etdiyi məhdudiyyətlərdən doğa bilər. Çünki hazırda qlobal dünyada inflyasiyanın artması, noyabrda ərzaq böhranı dərinləşəcək deyə proqnozunun verilməsi və ümumiyyətlə dünyada ərzaq təhlükəsiziliyinin aktuallaşması nəticədə davranışlar dəyişə bilər. Bazara un təklif edən təsərrüfat subyektlərinin bir qədər ehtiyatlı davranması, öz ehtiyalarını saxlaması, qiymətin qalxacağı təqdirdə bazara təklif etməsi kimi bir yanaşmaları ola bilər. Yəni, təsərrüfat subyektlərinin mövcud un ehtiyatlarını bazara daha ehtiyatla, az təklif etməsi onun bahalaşacağı təqdirdə bazara çıxararaq daha çox pul götürmək istəyindən irəli gəlir. Təbii olaraq buna da ölkə səviyyəsində ciddi nəzarət vardır. Düşünürəm ki, bu tip siqnallar ciddi şəkildə nəzarətdə saxlanmalı, daha operativ diqqət yetirilərək problemin haradan qaynaqlandığı müəyyən edilməlidir. Çünki hazırda buna əsaslı bir təhdid yoxdur”.
E.Əmirov əlavə edib ki, Ukraynada davam edən müharibəsinin yaratdığı inflasiya, bu səbəbdən əkin sahələrinin azalması, loqistik problemlər, taxıl ixrac edən ölkələrin müharibə səsəbindən ixraca məhdudiyyətlər tətbiq etməsi bazarda qiymət artımına səbəb olub. Amma son aylarda buğda qiymətlərinin ucuzlaşdığını vurğulayıb:
“Son 3-4 ayda buğda qiymətlərinə baxdıqda görürük ki, may ayının 1-ə olan qiymət 403 dollar olub. İyun ayında buğdanın tonu 380 dollar, iyulda 334 dollar, avqustun əvvəlinə isə 328 dollar olub. Tendensiya azalan istiqamətdə davam edir. Biz hər zaman qeyd edirik ki, bazarda təklifin azalmasından daha çox qorxulusu onun ehtimal edilməsidir. Yəni, proqnozlar daha çox təlatümlər yaradır. Məsələn, may ayında qorxular vardı deyə ölkələr ixraclarına məhdudiyyət qoymuşdu. Amma gördülər ki, bazarda vəziyyət proqnoz deyilən qədər deyil, o üzdən ixracı tədricən artırmağa başladılar. Artıq buğda qiymətlərində 328 dollara qədər eniş oldu. Türkiyə vasitəsilə Ukrayna taxılının dünya bazarına çıxışı bu təhdidləri bir qədər də azaltdı. Sadəcə olaraq istər BMT, istər digər beynəlxalq təşkilatlar həmişə daha qorxulu proqnoz verməyi üstün tuturlar”.
Ölkədə Unun bahalaşmaması üçün hökumətin tətbiq etdiyi güzəşətləri, subsidiyaları xatırladan E. Əmirov əhalinin un, buğda, çörək üzərində alıcılıq qabiliyyətinin saxlanılması üçün atdığı addımların hər şeydən öndə gəldiyini vurğulayıb:
“Azərbaycanda unun məhdud satışı ilə bağlı məsələlərə gəlincə, bu lokal problemdir. Dövlətin fermerlərdən buğdanın alış qiymətinə görə ödənişləri də ildən-ilə artırılır. Məqsəd fermerlərin məhz buğda istehsalına marağını artırmaqdır. Bu səbəbdən də 2019-cu ildə 1 tona görə 300 manat ödəniş edilirdisə, 2020-ci ildə 380 manat, 2021-ci ildə 500 manat ödənilirdi. Bir neçə gün öncə nazirlər Kabineti bu il üçün 1 ton buğdanın alış qiymətini 580 manat müəyyən edib. Bu 2020-ci illə müqayisədə 16%-lik artım deməkdir”.
Bütün bunların fonunda iqtisadçı hələ də Azərbaycanın idxalda olan asılığının ən böyük hissəsinin taxıl məhsullarının payına düşdüyünü deyib. Belə ki, illik 3,6 milyon tonluq taxıl ehtiyacımızın 40%-i idxal hesabına ödənilir:
Bunun da 85%-ni Rusiyadan alırıq. Hazırda bu asılılıq alternativ istiqamətlər üzrə azaldılıb, digər ölkələrə üz tutulub. Amma yenə də bu asılılıq qalmaqdadır. Ərzaqlıq buğdada idxaldan asılılıq 75%-dir. Buna görə də ölk növbədə idxaldan asılılığı azaltmaq lazımdır. Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, işğaldan azad edilən ərazilərimizdə 50 min hektar sahədə taxıl əkini işləri artırılıb. Bu da istehsal həcmlərini müəyyən qədər artırmağa, idxaldan asılılığı azaltmağa hesablanıb”.
E.Əmirov hesab edir ki, taxıl sahələri daha da artırla bilər. Onun sözlərinə görə, ölkədə əkilən bəzi məhsullar ərzaq təhlükəsiliyi üçün vacib deyil, həm də onlara ölkədə böyük su ehtiyatları sərf olunur:
“Ona görə də hesab edirəm ki, əkin sahələrinin bölgüsünə yenidən baxaraq məhz taxıl sahələrinin artırılmasına çox böyük ehtiyac vardır. İşğaldan azad edilən ərazilərdə bu potensilaın 200 min hektara çatdırılacağı ilə bağlı məlumatlar var. Bu kifayət qədər yaxşı haldır. Ancaq ölkəmizin digər ərazilərində də məhz strateji ərzaq məhsulu olmayan məhsulların, xüsusilə texniki bitkilərin əkini ilə bağlı bölgüyə daha diqqətlə baxmağa ehtiyac vardır”.
