Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corp.” şirkəti 2025-ci ilin birinci yarımilində avtomobil tədarükünü illik müqayisədə 5,5% artıraraq 5,159 milyon ədədə çatdırıb.

İndex.az “İnterfax”a istinadən xəbər verir ki, artım son iki il ərzində ilk dəfə qeydə alınıb və bu, dövr üçün rekord göstərici olub.

“Toyota”nın törəmə brendləri “Daihatsu Motor” və “Hino Motors” da daxil olmaqla, qlobal satışları yanvar-iyun aylarında illik ifadədə 7,4% artaraq 5,544 milyon avtomobilə çatıb. O cümlədən Yaponiyada satışlar 27,4% artaraq 1,049 milyon avtomobilə, xaricdə isə 3,6% artaraq 4,495 milyon avtomobilə çatıb.

ABŞ-da satışlar 4,2% artaraq 1,236 milyon avtomobilə çatıb.

Ümumilikdə, bu ilin birinci yarımilində avtomobil istehsalı 8,8% artaraq 5,523 milyon avtomobilə çatıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən “Toyota”nın kapitallaşması 12,8% azalıb.