Tıxaclar günümüzün əsas problemlərindən biridir. Həm vaxtımızı aparır, həm də pulumuzu, həm də əsəblərimizi korlayır. Bakıda mütəmadi avtomobil idarə edən şəxsin gün ərzində ortalama 40 dəqiqəsi tıxacda keçir. Yəni ən azından tıxaclarda itirdiyimiz vaxtın miqdarını bilirik. Bəs itirdiyimiz pulun məbləği nə qədərdir?
İndex.az-ın söhbətləşdiyi peşəkar avtomobil ustalarının hesablamalarına görə, avtomobillər Bakıdakı tıxaclarda 50% daha çox yanacaq işlədirlər. Başqa sözlə, əgər bir avtomobil tıxacsız Bakıda normal şəhərdaxili sürətlə qət etdiyi 1 kilometr məsafədə 1 litr yanacaq işlətməlidirsə, tıxaclara görə hər 1 kilometrdə 1.5 litr yanacaq sərf edir.
Ölkə əhalisi bu ilin ilk 9 ayında yanacağa 2.5 milyard manat pul xərcləyib. Xərclənən pulun 1.5 milyard manatı isə Bakı şəhərinin payına düşüb. Bakı sakinlərinin tıxaclar səbəbindən 50% daha çox yanacaq işlətdiyini nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, yanacağa xərclənən 1.5 milyard manatın 500 milyon manatı sırf tıxaclara görə cibimizdən çıxıb.
İndex.az məsələ ilə bağlı ekspert İlham Şaban ilə əlaqə saxladı.

Ekspert hesab edir ki, tıxac səbəbindən 50% artıq yanacağın sərf olunması ağılabatandır: "Azı 40% yanacaq itkisi realdır! 2015-ci ildən sonra buraxılan və 2 000 sm3 həcmədək mühhərikə malik sedanların texniki pasportunda şəhərdaxili hər 100 kilometrə 8 litr yanacaq sərfiyyatı göstərilib. Ancaq həmin avtomobillər Bakıda 11-12 litr sərfiyyatla işləyirlər. Bizim ailədə də 1 600 sm3 mühərrikli sedan var. Şəhərdaxili hər 100 kilometrə 12-13 litr yanacaq sərf edir. Lakin sənəddə şəhərdaxili 7-8 litr yanacaq sərfiyyatı göstərilib. Mən deməzdim ki, avtomobillərin daha artıq yanacaq işlətməsi təkcə tıxaca görədir. Burada yanacağın keyfiyyətinin də rolu böyükdür. Mənim öz avtomobilim istehsalçının verdiyi göstəricilərə görə şəhərdaxili 12-13 litr yanacaq işlətməlidir. Amma yayda 16 litr, qışda isə 18 litr yanacaq işlədir. Sırf keyfiyyətin aşağı olması səbəbindən avtomobil əlavə olaraq 2 litr yanacaq sərf edir. Azərbaycanda isə heç kim buna fikir vermir! Çin istehsalı olan avtomobillər Mərkəzi Asiyada (Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda, hətta Qırğızıstanda) satılarkən istehsalçı 93 markalı yanacaqdan istifadə etməyi tövsiyə edir. Lakin həmin avtomobillərin Azərbaycandakı dillerləri 95 markalı yanacağı məsləhət görürlər. Çünki bizdə yerli istehsal yanacaq müasir keyfiyyət tələblərinə cavab vermir. Bu isə avtomobilin əlavə yanacaq işlətməsinə səbəb olur. 2019-cu ildə "Audi" avtomobilinə Rusiyada, Almaniyada və Avstriyada eyni oktanlı benzini vuraraq test etmişdilər. Avtomobillərin benzin işlətməsi arasında 1.5 litr fərq olmuşdu. O zaman qeyd etmişdilər ki, Rusiyadakı yanacaq "Euro-5" kimi qələmə verilsə də, əslində belə deyil. Rusiya benzini maksimum "Euro 4+" ola bilər. Lakin 2022-ci il üzrə göstəricilərə nəzər saldıqda görürük ki, ölkəmizdəki 92 markalı benzinin keyfiyyəti yüksəlib. Bunun da səbəbi var. 92 markalı benzinin kefiyyətinin yüksəlməsinin səbəbi yerli istehsalın yaxşılaşması deyil. Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin ilk 10 ayında aşağı oktanlı benzin idxalına 190 milyon dollar vəsait xərclənib. 95 və 98 markalı benzin idxalının qiyməti heç 100 milyon dolları keçmir".
