Bakı küçələrində nəqliyyatın sıxlığının azaldılması üçün verilən təkliflərdən biridə dəniz taksilərindən istifadə olunmasıdır. Əgər fikir versək, İstanbulda belə taksilərdən geniş istifadə olunur. Bakıda işə yarıyarmı?

Məsələ ilə bağlı İndex.az olaraq hüquqşunas Ərşad Hüseynovla əlaqə saxladıq.

Hüquqşunas bildirdi ki, dənizlə Bakı ətrafında ictimai sərnişin daşınmasının praktiki əhəmiyyəti yoxdur:

“Bir dəfə bir nəfər dinləyici radioya, canlı yayıma zəng edib təklif etmişdi ki, sərnişinlər Sumqayıtdan Bakıya dəniz vasitəsi ilə gəlsin. Sumqayıtdan Bakı buxtasına 200 kilometr yoldur. Çünki, Abşeron yarmadısını fırlanıb gəlməlisən. Bu məsafəni ən yaxşı gəmi belə 4 saata gəlir. İnsanların gəmiyə minməsini, düşməsini hesablasaq, belə çıxır ki, insanlar səhər Sumqayıtdan çıxıb axşamçağı Bakıya gəlib çatacaq. Bunun nə əhəmiyyəti var?”

Ərşad Hüseynov düşünür ki, dəniz taksiləri sadəcə turistik məqsədlərlə özünü doğrulda bilər:

“Sərnişindaşımada bu özünü çətin doğruldar. Çünki, biz Bakını İstanbulla müqayisə edə bilmərik. İstanbul üçün belə formada sərnşindaşıma daha əlverişlidir. Ona görə ki, körpülərdə sıxlıq olduqda dəniz taksiləri daha sürətlə qarşıya keçməyə şərait yaradır”.

Ə.Hüseynov deyir ki, həmçinin dəniz taksilərindən xeyli sayda turist də istifadə edir:

“Bakıda isə nə qədər tıxac olsa da, Sumqayıta avtomobil ilə getmək gəmi ilə getməkdən daha sərfəlidir. Dəniz taksisindən Maldiv adalarında, İtaliyada, Fransada geniş istifadə olunur. Bu o demək deyil ki, Bakıda da istifadə olunmalıdır. Bununla yanaşı dəniz taksisinin belə bir incəliyi də var ki, onun rahat yanalma yerləri olmalıdır. Bakı buxtasında yanalma yerləri çox azdır. Yanalma yerləri xırda bir məsələ kimi gəlməsin. Onlar da bir növ limandır və həmin yerlər təhlükəsiz olmalıdır”.

O qeyd edib ki, sərnişinlər gəmilərdən düşəndən sonra belə onların quruya təhlükəsiz hərəkəti üçün infrastrukur qurulmaldır:

“Məsələnin bu yeri də var ki, biz nəqliyyatdakı sıxlıq problemini nəinki, dəniz taksiləri ilə, heç qurudakı taksilərlə də həll edə bilmərik. Taksi ictimai nəqliyyat problemini həll edən vasitə deyil. Taksi sadəcə fərdi sfarişlər üçündür. İnsanlar bir nöqtədən başqa bir nöqtəyə gedərkən istifadə olunan vasitədir. Kütləvi daşıma vasitəsi kimi taksi haqqında düşünmək və belə məsələni taksi üzərindən müzakirə etmək kobud bir yalnışlıqdır”.

Hüquqşunas vurğulayıb ki, müasir mobilliyin dünyada sınaqdan keçmiş variantları var:

“Məsələn, şəhər daxili mobillik. 2018-ci ilin dekabr ayında təstiq olunan yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında da bu qeyd olunub. Orada göstərilib ki, bütün yaşayış məntəqələrində mobillik planı olmalıdır. Lakin heç bir yaşayış məntəqəsində, heç bir şəhərimizdə mobillik planı yoxdur. Təbii ki, orada məskunlaşma planında da problemlərin olduğunu görürük. Məktəblərin, iş yerlərinin şəhər üzrə planlaşdırılması elə aparılmalıdır ki, şəhər əhalisi gün ərzində kütləvi şəkildə bir istiqamətdə hərəkət etməsin. Bununla bağlı bir sıra prioritetlər var. Uşaqların məktəblərə piyada getməsi, digər xidmətlərin piyada formada əlçatan olması belə prioritetlərdəndir”.

Ə.Hüseynov deyir ki, 15 dəqiqəlik şəhər məsələsi tam bunun üçün qurulmuş bir plandır:

“Bununla yanaşı, avtobus, metro, trolleybus, tramvay, şəhərətrafı qatar kimi nəqliyyat vasitələri şəhərdə olmalıdır. İnsanlar mikromobillərdən, yəni velosipedlərdən istifadə etməlidir. Əsas preoritet bunlardır. Taksi sıxlığın azaldılmasında ən son təsiri olacaq nəqliyyat növüdür”.

İndex.az - Mirəli Qasımov