Yaponiyanın avtomobil istehsalçısı “Suzuki Motor” şirkəti növbəti 5-6 il ərzində Hindistana 700 milyard Hindistan rupisi (8 milyard dollar) investisiya etmək niyyətindədir.

İndex.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Toşihiro Suzuki bildirib.

“Suzuki” bu ölkədə avtomobil istehsalını artırmağı və onun üçün ən böyük bazar olan Hindistan bazarında öz payını qorumaq məqsədilə yeni modellər təqdim etməyi planlaşdırır.

“Reuters” qeyd edir ki, şirkət Hindistan bazarının lideri olan “Maruti Suzuki” brendinə nəzarət edir.

Qərbi Hindistanın Qucarat ştatındakı “Maruti Suzuki” zavodu dünyanın ən böyük avtomobil istehsalı mərkəzlərindən birinə çevriləcək, deyə “Suzuki” şirkətindən bildirib. Onun planlaşdırılan istehsal gücü ildə 1 milyon avtomobildir.

Şirkət bu müəssisədə elektrik avtomobillərinin kommersiya istehsalına başlayır və onları dünyanın 100 ölkəsinə ixrac etməyi planlaşdırır. “Suzuki”nin tərəfdaşları – “Denso” və “Toshiba” - şirkətin hibrid avtomobilləri üçün litium-ion batareyalarının istehsalına başlayıblar.