Dünyanın inkişaf etmiş ölkələrində süni intelllektual sistemlərdən geniş formada istifadə edilir. Azərbaycan da bu sahədə düzgün strategiya ilə irəliləyir. Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli "Ağıllı şəhər" və "Ağıllı Kənd" konsepsiyasının hazırlanması haqqında Sərəncamı bunun canlı sübutudur. Nəticədə süni intellekt barədə təkcə Avropada deyil, bizim cəmiyyətdə də belə bir sual yaranır: Görəsən bu sistemlər bizim qədər ağıllı olub iş yerlərimizdə bizi əvəz edə biləcəkmi?
Süni intellekt verilən tapşırıqları yerinə yetirmək üçün insan davranışını təqlid edə bilən və aldığı məlumatlardan tədricən öyrənə bilən sistem və ya maşındır. Bu intellektual sistemlər bəzən insanların dəqiqliklə görə bilmədiyi işlərdə və ya çox böyük zehni əziyyət, çox böyük zaman lazım olunan yerlərdə istifadə oluna bilir. Məsələn, dünyanın məşhur motosiklet şirkəti “Harley-Davidson” intellektual sistemlərdən istifadə edərək motosikletin istehsal müddətini 23 gündən təxminən 6-8 gün aralığına endirib. Nəticədə insanın çox böyük zaman, zehni və fiziki güc sərf etdiyi istehsal üçün bu sistemlər yardımçı olub. Qısa müddətdə istehsal daha yüksək məhsuldarlıq və böyük biznes gəlirləri deməkdir. Qısa müddətdə daha çox məhsul istehsalı bir qurum üçün iqtisadi cəhətdən də çox müsbət nəticədir.
Sensorlar və kameralardan ibarət süni intellekt sistemləri küçələrdə, insanların çox olduğu yerlərdə nizam-intizamı qorumağa dəstək ola bilər, hər hansı problemə qarşı öncədən məlumat ötürər və bu sahə üzrə çalışan insanlara köməkçi ola bilər. Sənayedə insanın fiziki gücü çatmayan fəaliyyətlər zamanı bu sistemlər ilə yazılan robotlar bizim köməyimizə çatır. Təhlükəli işlərdə bu robotlar insan sağlamlığının heç bir riskə düşməsinə imkan verməyən “cangüdənlər”ə çevrilir. Bəzən insanın psixoloji vəziyyəti pis ola bilər və bu, onun öz işində səhv etməsinə gətirib çıxara bilər. Ekspert sistemlər isə sizin sahənizdə səhv edə biləcəyiniz işlərdə köməyinizə çatır. Elə xidmət sahələri var ki, onlara günün hər saatında ehtiyac duya bilərik. Bu xidmət sahələrində ağıllı sistemlər işçilərin iş saatlarından sonra bəzi işlərini görərək insanların öz işlərini tez bir zamanda həll etməsinə imkan yaradır. Bu, xidmət sektorunda ləngimənin qarşısını alır və xidmətin keyfiyyətini, davamiyyətini yüksəldə bilir. Bilirik ki, təhsil və tibb sahəsində çox böyük məlumat analizinə ehtiyac yaranır. Məhz məlumatları analiz edə bilən bu sistemlər insanlar və mütəxəssislərə bəzi proqnozlar verə bilər. Bu sistemlər insanların zamanına, fiziki, zehni güclərinə qənaət imkanı yaradır, insanın çətinlik çəkdiyi işlərdə onlara köməkçi olur. Eyni zamanda süni intellektual sistemlər istifadə edildiyi ölkəyə iqtisadi fayda verir. Ağıılı sistemlərə tələbat getdikcə artır və bu sistemlər onu istifadə edən və istehsal edən ölkələr üçün böyük biznes resursu kimi çıxış edəcək.
Təsadüfi deyil ki, dünyanın ən nəhəng ikinci gücü hesab olunan Çin 2030-da süni intellektə əsaslanan 1.4 trilyonluq sənaye hədəfləyir. Ölkəmizin də süni intellektlə innovativ istehsal və ticari fürsətlər üçün izlədiyi strategiya alqışa layiqdir. Bəs bu sahədə biz daha da inkişaf etmək üçün nə etməli, hansı problemləri aşmalıyıq?
İlk məsələlərdən biri bu sahə üçün çox böyük daxili və xarici sərmayələrə ehtiyac duyulmasıdır. Ölkəmizdə bu sahəyə xarici şirkətlərin nəhəng sərmayə qoyması üçün ilk öncə bu sistemlərin daxili bazarda müəyyən ekosistemi olmalıdır. Daxili şirkətlərin süni intellekt ilə bağlı layihələri nə qədər yaxşı olsa belə, bu şirkətlərin yaratdığı sistemlər üçün iqtisadi bazarda tələb olmalıdır. Həmçinin daxili şirkətlərin bu sistemləri qlobal bazara çıxarması üçün qlobal iqtisadiyyatdakı güclü rəqabətə davam gətirəcək qədər maliyyə gücü və yüksək ixtisaslaşmış kadrlara ehtiyacı var. Qeyd etdiyim ekosistemin daxili bazarda fəaliyyəti üçün sənaye və istehsal da bu sistemlərin istifadəsinə yönəldilməlidir. Digər tərəfdən, bu sahədə praktiki araşdırmalar ilə yanaşı elmi-akademik araşdırmalara yönəlmək də olduqca əhəmiyyət kəsb edir. Bu sahədə akademik bazanın yaradılması ciddi addımdır.
Süni intellektual sistemlər sahəsində böyük sərmayə sərf edən və strategiyaları uğursuz olan bəzi ölkələr bu sahənin tələbinə uyğun öz təhsil sistemlərini də dəyişdirməyə başladılar. Nəticədə süni intellekt üçün araşdırma mərkəzləri yaratmağa ehtiyac yarandı. Həmçinin bu ölkələr süni intellekt sahəsində mümkün qədər çox araşdırmalara yönəldilər. Onlar yalnız daxili sərmayə hesabına süni intellekt üçün laboratoriya və ya Ar-Ge mərkəzləri yaradılmasının kifayət etmədiyini görüb xarici sərmaye axını ilə də bu sahəni gücləndirmək üçün nəhəng şirkətləri öz ölkələrində bu sahədə araşdırma aparmağa cəlb etməyə başladılar. Bu addım onların öz ekosistemlərinin bu sahə üçün çatışmazlıqlarını aradan qaldırmağa imkan yaratdı.Təhsil sistemində edilən dəyişikliklər həm də yüksək ixtisaslaşmış kadr çatışmazlığını aradan qaldırmağa dəstək oldu. Bir sözlə, maliyyə kapitalının əldə olunması ilə yanaşı bu sahə üzrə zehni kapitalın yaradılmasının da vacibliyi sübut edildi. Azərbaycanda da süni intellektual sistemlərdən istifadə sahəsində irəliləyişlərin olması üçün bu ölkələrin təcrübəsindən faydalanmaq olar.
Məhəmmədəli Abaszadə
