Azərbaycanın rayonlarında son günlər marketlərdə unun və çörəyin satışda olmaması müşahidə edilib. Mingəçevir, Göranboy, Ağsu və digər rayonlardan olan vətəndaşlar unu az miqdarda dükanlara verdiklərini və qısa vaxtda satılıb bitdiyini yazıblar. Bəzi bölgələrdə isə qiymətin artdığını iddia ediblər. Məsələn, Gəncədə unun bir kisənin 45 manata satıldığı qeyd olunub. İnsanların narahatlıqları əsassız deyil.

İqtisadçı Nazim Bəydəmirli İndex.az-a açıqlamasında bunun səbəblərinə aydınlıq gətirib. Azərbaycanda unun, çörəyin qıtlığına və bahalaşmasına bir çox obyektiv, eləcə də subyektiv səbəblərin təsir etdiyini bildirib:

“Rusiya Federasiyası bir neçə ildir ixrac etdiyi buğdaya əlavə ixrac vergisi tətbiq edir. Eyni zamanda Rusiyanın Ukraynaya təcavüzü nəticəsində bölgədə logistik xidmətlər kifayət qədər bahalaşıb. Nəqliyyat xərcləri ən azı 50% artıb. Azərbaycan kimi Rusiyadan asılı vəziyyətdə olan ölkələr buğda və müxtəlif yemləri daha çox idxal edirlər. Son hesabatlara görə, ölkədə istehlak edilən ərzaqlıq buğdanın 80%-ni Rusiyadan alırıq. Azərbaycanda fəaliyyət göstərən un dəyirmanlarının əksəriyyəti Rusiya buğdası ilə işləyirdi. Bu ilin əvvəlindən İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə un istehsalçılarına büdcədən ayrılan subsidiyalar dayandırıldı. Bu, qeyri-effektiv metod idi. Unun qiymətini sabit saxlamaq xatirinə bir neçə monopolist şirkətə dövlət subsidiya verirdi. Bu siyasət doğru deyildi. Ona görə, həmin subsidiyanın dayandırılmasını rəqabətə təsir edəcək müsbət addım kimi qiymətləndirirəm”.

İndiki durumda işğaldan azad olunan regionlarda rəqabətli mühitin təmin olunmasına ümid etdiyini deyən Bəydəmərli bununla dövriyyədən çıxarılan əkin sahələrinə əlavə olaraq digər sahələrin də qatılacağına və ərzaq buğdası ilə özümüzü təmin edəcəyimizə zəmin yarandığını bildirib:

“Ancaq görünən odur ki, hökumət illərlə dediyi “biz ərzaq buğdası ilə özümüzü təmin edə bilmirik” fikrini davam etdirir. Guya Azərbayanda yetişdirilən buğda keyfiyyətinə görə digərlərindən geri qalır və çörək bişirməyə yaramır. Bu, yanlış fikirdir, monopoliyaya əsas qazandırmaq üçün belə bir fikir ortaya atılıb. Eyni zamanda ölkədə də bir çox problemlər var. Bu da “məmur sahibkarlığı” ilə bağlıdır. Burada istehsalda “məmur sahibkarlığı” mövcuddur, monopoliya var. Bu səbəblər də Azərbaycanda buğdanın və unun qiymətini bahalaşdırır”.

Bəs bahalaşmanın qarşısını necə almaq olar? Suala iqtisadçı belə cavab verib:

“Bunun qarşısını almaq üçün sadəcə rəqabət mühitini təmin etmək, sahibkarların ucuz maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq, “məmur sahibkarlığı”nı ləğv etmək və müxtəlif güzəştlər tətbiq etmək lazımdır. Eyni zamanda qeyd edim ki, Azərbaycana un gətirmək daha sərfəlidir. Çünki buna Rusiya ixrac rüsumu tətbiq etmir. Ancaq bizim gömrük orqanları ölkə daxilində bəyannamə qiyməti tətbiq edərək süni qiymət artımı yaradırlar. Bu da Azərbaycana xarici ölkələrdən - Rusiya və Qazaxıstandan gətirilən unun qiymətini bahalaşdırır. Yəni, süni bahalaşmanı dövlət orqanları yaradır. Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdikdən sonra gömrük işi normal vəziyyətdə qurulacaq və sahibkarlara təzyiqlər azalacaq. Onların gətirdikləri malların qiymətləri süni şəkildə şişirdilməyəcək və rüsumlar artırılmayacaq”.

Bəydəmirli belə olan halda ölkə daxilində rəqabətli mühit, idxalda şəffaflıq olacağını deyib. O zaman unun və digər qida məhsullarının qiymət artımından şikayətlərin olmayacağını söyləyib.