Bu gün redaksiyamıza Qazaxda əhaliyə qrunt suyunun verilməsi ilə bağlı məlumat daxil olub.
Yerli sakinlər deyir ki, əhaliyə qrunt suyunu verib, sağlamlığını məhv edirlər:
"Qazax rayonunda özbaşınalıq, laqeydlik nə vaxta kimi davam edəcək? Coğazçay Su Anbarının suyu dayandırılıb. Qrunt suları hər şeyi məhv edir və keyfiyyətcə olduqca aşağı sudur".
Redaksiyamıza müraciət edən şəxs bir iddia da irəli sürüb:
"Alı müəllim (yerli su idarəsinin müdiri - red.) suyu obyektlərə qeyri-qanuni şəkildə, sayğacsız, layihəsiz paylayıb. Pulu isə dövlətə ödənilmir".
Məsələ ilə bağlı açıqlama almaq üçün "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, Qazaxda əhaliyə qrunt sularının verilməsi mümkün deyil:
"Biz Qazaxda yeni lahiyələr həyata keçirmişik. Hansı ki, bu lahiyələr sayəsində Qazaxda su sistemində köklü yenidənqurma işləri aparılıb. Yeni xətlər çəkilib, yeni anbarlar inşa edilib və əhali təmiz içməli su ilə təmin edilib. Əhaliyə qrunt suyunun verilməsi absurddur".

Qurumun mətbuat katibi sayğacsız suyun verilməsi ilə bağlı iddiaya da aydınlıq verib:
"Şəxsən mən və mənim komandam bu məsələ üzərində hal-hazırda çox ciddi işləyirik. Hətta bir neçə dəqiqə əvvəl bu mövzu ilə bağlı iclasımız yekunlaşdı. Mütəmadi olaraq reydlər keçirib, yoxlamalar aparırıq. Elə bu gün də reydimiz olacaq. Əsas məqsədlərimizdən biri qanunsuz şəkilə suyun istifadəsinin qaşısını almaqdır".
