İran hökuməti Rəşt-Astara yolunun 160 kilometrlik hissəsindən 100 km-dən çox məsafədə torpaq sahələri alıb və bu prosesi 2026-cı ilin mart ayına qədər başa çatdırmağa ümid edir.
İndex.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bildirib.
"Astara-Rəşt marşrutuna gəlincə, artıq 100 km məsafədə torpaq sahəsi almışıq. Bu, hətta 110 km də ola bilər və ilin sonuna qədər hər şeyi tamamlayacağıq (söhbət günəş təqvimi üzrə martda başa çatan ildən gedir)", - o deyib.
Daha əvvəl "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri "Report"a açıqlamasında Rəşt-Astara dəmir yolunda tikinti işlərinin Novruz bayramından sonra başlayacağını bildirmişdi.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi haqqında saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikinti işlərini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.
