Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 874,5 milyon manatlıq, o cümlədən 17 426,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,6% artıb.
8 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 51,6%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 13%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib. 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1%, fərdi sahibkarlar üzrə 1%, bazar və yarmarkalarda isə 6,3% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 383,8 manatlıq, o cümlədən 216,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,2 manatlıq qeyri-ərzaq malları alıb.
