Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 % artaraq 1 milyon 733,9 min nəfər olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,7  %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9  %-i sənaye, 8,2  %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1  %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2  %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5  %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 % artaraq 839,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.