Böyük gəlirlər əldə etdikləri ölkələrdən biri olan Türkiyəyə zəlzələdən sonra heç bir yardım kompaniyası təşkil etməmələri əhalinin "Netflix" və "Starbucks"a mənfi reaksiyasını artırdı.

İndex.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan dağıdıcı zəlzələdən sonra səssiz qalan "Netflix" və "Starbucks" artan reaksiyalardan sonra açıqlama yayıblar.

"Netflix Türkiyə" "Twitter" hesabından verdiyi məlumatda bütün enerjilərini zəlzələ bölgələrinə çatmaq və yardım etmək üçün sərf etdiklərini bildirdi. Populyar yayım xidməti "Netflix" indiyə qədər 6 milyon lirə ianə etdiklərini, bundan əlavə bütün dünyada işçilərinin şəxsi ianələrini ikiqat artıracağını açıqladı.

"Starbucks Türkiyə" isə "Twitter" hesabından verdiyi açıqlamada, zəlzələ bölgələrində könüllülərlə birlikdə zəlzələdən zərər çəkmiş vətəndaşlara içki və qida təminatını təşkil etdiyini, bu fəaliyyətləri həyata keçirən qurum və təşkilatlara dəstək verdiyini açıqladı.