Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2 milyard 044 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
İndex.az Fonda istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 178 milyon ABŞ dolları və yaxud 9,54 % çoxdur.
Bu ilin ilk üçün ayı ərzində ARDNF “Şahdəniz” yatağından isə 646,359 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu da 2022-ci ilin eyni aylraı ilə müqayisədə 287,234 milyon ABŞ dolları və ya 80 % çoxdur.
İlin ilk rübündə Neft Fonduna daxil olan vəsaitlərin 128,166 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 3 aylıq dövrü ilə müqayisədə 65,672 milyon ABŞ dolları və ya 2,05 dəfə çoxdur.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).
