Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanda neft kəmərinin tikintisi layihəsində investor qismində iştirak etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib.

"Danışıqlar hələ erkən mərhələdədir: müzakirələr davam edir və ümid edirik ki, məhz bu layihə son icra mərhələsinə çatan ilk layihələrdən biri olacaq", - nazir bildirib.

Xəbər verildiyi kimi, fevralın 24-də Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

SOCAR ilə "Frontier Works Organisation" (FWO) və "Pakistan State Oil Company Limited" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu "White Oil Machike-Thallian-Tarujabba" neft kəməri layihəsi çərçivəsində əməkdaşlığı nəzərdə tutur. Bu neft kəməri Pakistanın Qasim limanını Qasba-Gujratda (Pakistan, Pəncab) yerləşən "Pak-Arab" neft emalı zavodu ilə birləşdirəcək.

Memoranduma əsasən, Azərbaycan Dövlət Neft Şirkəti Pakistanın şimal bölgələrini ölkənin qalan hissəsinin boru kəməri infrastrukturu ilə birləşdirməyə yönəlmiş bu layihənin potensial səhmdarı kimi dəvət olunub.

477 kilometr uzunluğunda boru kəməri Maçike, Talian və Taru-Cabba da daxil olmaqla əsas yaşayış məntəqələrini birləşdirəcək. Bu, neft məhsullarının nəqlinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 7 milyon ton təşkil edir və 10 milyon tona qədər artırılması mümkündür.