Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Milli mətbuatın 147 illiyinə həsr olunmuş tədbir keçirilib.
İndex.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər qurumların təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli jurnalistləri peşə bayramı münasibətilə təbrik edib və göstərdikləri dəstəyə görə öz təşəkkürünü ifadə edib:
"Bildiyiniz kimi, 2022-ci il fevral ayının 22-də mən İdarə Heyətinə sədr təyin olundum. Həmin vaxtdan bu günə kimi bir çox problemlərin həll olunması üçün cəhd etdik və onların böyük əksəriyyətinin həllinə nail olduq. Bu probləmlərin həll olunmasında bizə ən böyük dəstəyi siz media işçiləri verdiniz.
Bilirsiniz ki, dünya bazarında soya və günəbaxan məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin bahalaşmasına səbəb olurdu. Bu ilin iyulun 21-də ölkə başçısının verdiyi fərmanla həm soyadan, həm günəbaxan sortundan, eləcə də yem qatqılarından əlavə dəyər vergisini aradan qaldırdı. Bununla da bizdə ətin qiymətinin 7-8% aşağı salınmasına zəmin yarandı. Süfrə yumurtası ölkədə 130%-dən çox istehsal olunur. Bu da o deməkdir ki, BƏƏ-yə, Qətərə, Əfqanıstana, Səudiyyə Ərəbistana və digər ölkələrə 30%-dən çox yumurta ixrac olunur. İsrailə də müqavilə bağlanıb. Ət istehsalında 80-85% arası istehsal gücümüz var. Soya və digər sortlardan ƏDV-nin götürülməsi ilə, yəqin ki, ilin sonuna kimi, ən geci 2023-cü ilin birinci rübündə ilk dəfə 100 faiz istehsala nail olacağıq.
Bizim ikinci ən böyük problemlərimizdən biri ticarət şəbəkələri ilə yumurta və ət istehsalçıları arasında olan problem idi. Belə ki, iri ticarət şəbəkələri toyuq əti istehsalçılarının böyük miqdarda pulunu 3 ay, 4 ay saxlayırdılar. Sonra isə faizlə qaytarılırdı. Biz bu məsələnin də həllinə nail olduq. Artıq heç bir ticarət şəbəkəsi istehsalçının ətinin pulunu saxlamır və bu da ətin qiymətinin düşməsinə kömək olur.
Üçüncü ən böyük problemimiz xaricdən, əsasən də Belarusdan gələn çıxdaş olunmuş, yumurtadan kəsilmiş xəstə toyuqların böyük şəbəkələrdə çox ucuz qiymətə satılması idi. Bu da öz növbəsində rəqabət mühitində böyük problemlər yaradırdı. Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ilə qurduğumuz əməkdaşlıq sayəsində onları da piştaxtalardan yığışdırmağı bacardıq.
Bir daha mən sizin hər birinizin bayramını təbrik edirəm. Arzu edirəm ki, növbəti mətbuat gününü yenidən bir yerdə keçirək".
