Sürücülər avtomobilin mühərrikinin yağını ustaların təyin etdiyi kilometraja uyğun dəyişirlər. Nəzərə alsaq ki, Bakı əhalisinin əksəriyyəti avtomobildən səhər işə gedərkən və axşam işdən qayıdarkən istifadə edir. Başqa sözlə, günün müxtəlif saatlarında tıxacda xeyli vaxt itiririk. Qısası, avtomobil hərəkət etməsə də, mühərrik çalışmağa davam edir.

İndex.az-a açıqlama verən ekspert Marat Namazovun sözlərinə görə, avtomobilin mühərrikinin yağı kilometraja əsasən yox, mühərrikin moto saatına əsasən yenilənməlidir.
Bəs moto saat nədir?
M.Namazov deyir ki, moto saat avtomobilin mühərrikinin işlədiyi saatdır:
"Yəni baxmaq lazımdır ki, avtomobil 5000 km yol qət etdikdə neçə saat işləyib. Moto saat mühərrikin iş saatını göstərir. Əslində yağdəyişmə intervalı moto saata əsasən hesablanmalıdır. Müasir avtomobillərdə moto saat göstərilir. Belə avtomobillərin sürücüləri yağıdəyişmə prosesində moto saatı sıfırlayır və mühərrikin neçə moto saat işlədiyini bilir".

Bəs moto saat göstəricisi olmayan avtomobillərin sürücüləri nə etsin?
M. Namazov deyir ki, hazırda normal yağlar mühərriki 300 moto saat problemsiz işlədə bilir:
"Sual çıxır ki, 300 moto saata biz neçə kilometr qət edirik? Bunun xüsusi hesablanma qaydaları var və bu göstərici ölkələrə görə dəyişir. Azərbaycandakı hesablamalara əsasən 1 moto saata 27 kilometr yol sürmək mümkündür. Nəzərə alsaq ki, normal mühərrik yağı ilə 300 moto saat avtomobil idarə edə bilirik, bu təxminən 8 000 - 8 100 kilometr deməkdir. Bu Bakı şəhərinə aid olan göstəricidir. Lakin əgər siz avtomobili rayonlararası idarə edirsinizsə, avtomobilin qət edə biləcəyi məsafə 8 000 kilometrdən daha artıq olacaq. Qısası, yağ avtomobilin getdiyi kilometrə görə yox mühərrikin işlədiyi moto saata görə dəyişməlidir. Lakin Azərbaycanda, demək olar ki, hamı 7 000 - 8 000 kilometrdən bir yağ dəyişilir. Bu da moto saatla götürəndə normal vaxtdır".
Eskpert əlavə edib ki, 1 moto saata düşən məsafə (kilometr) yollarda hərəkətin sıxlığına görə hesablanır:
"Bakıda 1 moto saat 25-30 kilometr olduğu halda, Almaniyada bu rəqəm 70-80 kilometrdir. Bu hesabla götürəndə biz hər 7 000 - 8 000 kilometrdən bir yağ dəyişdiyimiz halda, almanlar 20 000 kilometrdən bir yağ dəyişir".
Mütəxəssis deyir ki, normal sintetik mühərrik yağlarının ortalama sürüş müddəti 300 moto saatdır:

"Yəni Azərbaycan yollarındakı sıxlığa uyğun biz bu yağla 8 000 kilometr avtomobili idarə edə bilərik. Amma 100% sintetik yağlar var ki, onlar 400-500 moto saata qədər davam gətirir. Bu da avtomobili təxminən 11 000 - 12 000 kilometr sürməyə imkan verir. Əgər siz keyfiyyətindən əmin olmadığınız, tanımadığınız, test edilməyən yağlara yönəlsəniz, o yağlar sizin mühərriki 200 moto saat işlədə biləcək. Yəni söhbət təxminən 5 000 - 6 000 kilometr məsafədən gedir. Yenə də qeyd edirəm ki, orta seqment yağ 300 moto saat işləməlidir. Azərbaycan reallığı ilə 8 000 kilometr sürməlisiniz".
