Dünyanın ən məşhur "YouTuber"u olan MrBeast tezliklə Prime Videoda yayımlanacaq "Beast Games" adlı müsabiqə ilə görünəcək.
İndex.az xəbər verir ki, bu maraqla gözlənilən yarışmada 1000 nəfər tarixin ən böyük müsabiqə mükafatlarından biri olan 5 milyon dollar üçün mübarizə aparacaq. Çəkilişləri tamamlanan proqram dekabrın 19-da platformaya əlavə olunacaq.
"Beast Games" üçün həyəcanlı gözləntilər davam edərkən, bu gün yarışmaçıların çəkiliş zamanı harada qaldıqları barədə məlumat paylaşıldı. MrBeast, iştirakçılar üçün sözün əsl mənasında "şəhər" qurduqlarını bildirdi.

MrBeastin X-dəki paylaşımına görə, Las-Veqasda çəkiliş zamanı iştirakçıların yaşaması üçün xüsusi şəhər tikilib. "Amazon" və "MrBeast" şirkətlərinin bu şəhərə ümumilikdə 14 milyon dollar xərclədiyi də bildirilib.
Şəhərin fotolarına baxdıqda yarışmaçıların qaldığı evləri, parkları, idman meydançalarını və daha çoxunu görə bilərsiniz. MrBeast, bu qədər xərcləyərək necə geri qazanacağı ilə bağlı suala belə cavab verib: "Mənim məqsədim pul qazanmaq deyil, mümkün olan ən yaxşı məzmunu yaratmaqdır".

