Bəzən tələbələr universitetə qəbul olarkən seçdikləri ixtisasa uyğun işi, universiteti bitdikdən sonra tapa bilmirlər. Çünki oxuduqları 4 il müddətində həmin peşə ya texnoloji yeniliklərə görə, ya da struktur dəyişikliyinə görə sıxışdırılaraq peşələr arasından çıxarılır. Hərdən isə bunun tamam əksi müşahidə olunur. Bu gün populyar olmayan bir peşəyə uyğun gələn ixtisasa heç bir tələbə yönəlmir. Lakin 4-5 il sonra həmin peşəyə savadlı kadr tapmaq çətinləşir. Bu isə hər iki halda işsizliyə gətirib çıxara bilir.
İndex.az olaraq məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov ilə əlaqə saxladıq.
Ekspert İndex.az-a bildirdi ki, hal-hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min bakalavr və magistr, 59 orta ixtisas üzrə təhsil müəssisəsində isə 40 mindən çox subbakalavr təhsil alır:
"Etiraf etməliyik ki, hər il 10 minlərlə gəncin ali və orta ixtisas təhsilini bitirməyinə baxmayaraq işlə təminatında ürəkaçan rəqəmləri görə bilmirik. Yəni ali təhsil müəssisələrindən məzun olan gənclərin yalnız 42%-i öz ixtisasına uyğun iş tapa bilir. Bu onu göstərir ki, bizim ali təhsil müəssisələrində kefiyyət göstəricimiz 50%-in altındadır. Bunun bir neçə səbəbi var. Ali təhsil müəsisələrində təhsilin müasir standartlara uyğun qurulmaması, maddi-texniki bazanın zəifliyi, ali təhsil müəssisələrinin müəllim və professor heyətinin son 20-30 ildə öz mühazirələrində və tədris planlarında dəyişiklik etməməsi və s.
Ali təhsil müəsisələrində monitorinq apararkən görürük ki, ali təhsil müəssisələrinin kitabxanaları çox zəifdir. Nə müasir ədəbiyyatlar var, nə də elektron kitabxana yoxdur. Bundan başqa bizim bir sıra ixtisaslar artıq köhnəliblər. Müasir dünyada həmin ixtisaslara artıq ehtiyac yoxdur. Amma biz hələ də həmin ixtisaslar üzrə kadr hazırlayırıq. Uzun illərdir həmin ixtisaslar üzrə əmək bazarında yetərincə kadr olmağına baxmayaraq yenidən kadrlar yetişdiririk. Misal üçün müəllimlik ixtisası. Təhsil nazirliyi həmin ixtisas üçün hər il işə qəbul imtahanları keçirir. 8-9 min vakant yer üçün hər dəfə 60 mindən çox insan imtahan verir. Nəticədə hər il 50 mindən çox şəxs diplomu olsa belə işsiz qalır. Buna baxmayaraq hər il ölkəmizdə pedaqoji ixtisasa 20 mindən çox qəbul həyata keçirilir. Bu digər ixtisaslara da aiddir.
Hesab edirəm ki, biz əmək bazarını təhlil etdikdən sonra qəbul həyata keçirməliyik. Ali təhsil müəsisələrində ciddi islahata ehtiyac var. Universitetlərin maddi-texniki bazası və kadr potensialı yenilənməlidir. Müasir dövrün tələblərinə uyğun kadrlar hazırlanmalıdır. Bu gün biz yalnız Bakı Dövlət Universitetində (BDU) bu dəyişiklikləri görə bilirik. Buna görə də, yalnız BDU dünya reytinqinə daxil ola bilib. Eləcə də, məzunlarının iş tapma faizi ən yüksək olan universitetimiz də BDU-dur. Digər ali təhsil müəsisələri də, BDU-dakı dəyişiklikləri təhlil edib və tədbiq etməlidir".
Kamran Əsədovdan gələcəkdən hansı peşələrin daha zəruri olacağını da soruşduq. Ekspert bildirdi ki, Gələcəyə baxış konsepsiyasına əsasən gələcəkdə zəruri olacaq ixtisaslar təsbit edilib:
"Gələcəyin ixtisasları arasında "İnformasiya təhlükəsizliyi", "İnformasiya texnologiyaları", "Kompüter elmləri", "Kompüter mütəxəssisi" kimi ixtisaslar göstərilir. Lakin təəssüflər olsun ki, ölkəmizdə bu sahədə kadrlar hazırlanmır".
- Bəs gələcəkdə kadrlara ehtiyac duyulmayacaq peşələr hansılardır?
- Mənim fikrimcə "Metallurgiya", "Maşınqayırma", "Cihazqayırma", "Geologiya", "Radiotexnika" "Mühasibat uçotu", "Xarici dil müəllimliyi" və s. bu tip bir çox ixtisaslar var ki, onlar artıq öz əhəmiyyətini itirir. Çünki gələcəkdə bu işləri süni intellekt də görə biləcək. Gələcəkdə daha çox İT-dən qaynaqlanan rəqəmsal ixtisaslara tələb olacaq. Ümumiyyətlə, 2035-ci ildə əmək bazarında tələb duyulacaq ixtisaslar hal-hazırda ali təhsil müəsisələrində yoxdur. Başqa sözlə desək, bu gün ali təhsil müəsisələrində olan ixtisasların 60%-nə 2035-ci ildə ehtiyac duyulmayacaq. Onları heç şüphəsiz robotlar əvəz edəcək.
- Abituriyentləri bu mövzuda kimlər yönəltməlidir?
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində ixtisaslaşma ilə və ya ixtisas seçimi ilə bağlı mütəxəssislər var:
"Hazırda ölkəmizdə abituriyentlərə yalnız elektron ərizənin doldurulma qaydası və digər imtahan qaydaları öyrədilir. Lakin görünən odur ki, əmək bazarını təhlil edəcək mütəxəssislərə ehtiyac böyükdür. Bununla yanaşı ölkəmizdə karyera mərkəzlərinin olmaması da problemi daha da qabardır. İnkişaf etmiş ölkələrdə 8,9,10-cu sinif şagirdlərinə gələcəyin ixtisasları, onların perspektivləri barədə ödənişli şəkildə məlumat verən mərkəzlər var. Bizdə isə ən yaxşı halda abituriyentləri ixtisas seçimində peşəkar olan bir sıra mütəxəssislərin yanına yönləndirirlər. Lakin bəzən bu da heç özünü doğrultmur".
