Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz Group AG” şirkəti bu ilin ikinci rübündə xalis mənfəətini 3,3 dəfə, gəlirini isə 10% azaldıb.

İndex.az .irkətə istinadən xəbər verir ki, hesabat dövründə şirkətin xalis mənfəəti 3,02 milyard avrodan 915 milyon avroya düşüb. Rüblük gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,74 milyard avrodan 33,15 milyard avroya enib.

Şirkətin minik avtomobilləri istehsal edən “Mercedes-Benz Cars” və yüngül yük maşınları istehsal edən “Mercedes-Benz Vans” bölmələrinin gəliri ötən rübdə 11% azalaraq müvafiq olaraq 24,16 milyard avro və 4,24 milyard avro təşkil edib. “Mercedes-Benz Mobility” bölməsinin gəliri isə 2% azalaraq 6,25 milyard avro olub.

“Mercedes-Benz Cars”ın düzəliş edilmiş rentabelliyi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2%-dən 5,1%-ə düşüb.

Şirkətin ikinci rübdə minik avtomobillərinin satışı 9% azalaraq 453,7 min ədəd təşkil edib. Bununla belə, elektrifikasiya olunmuş modellərin satışı 4% artıb. Yüngül yük maşınlarının satışı isə 10% azalıb.