Livan Prezidenti Jozef Aun ölkədəki bütün silahların dövlətin nəzarətinə veriləcəyini təsdiqləyib.

İndex.az xəbər verir ki, bunu Livan Prezidenti “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Aun bu bəyanatı "Hizbullah" silahlı qruplaşmasının tərk-silah ideyasını rədd edərək, hökuməti "ağır günahda" ittiham etməsindən sonra verib. Eyni zamanda, Nazirlər Kabineti Livan ordusuna bu ilin sonunadək bütün silahlı birləşmələrin tərk-silah edilməsi planını hazırlamağı tapşırıb.

"Çətinliklərə və maneələrə baxmayaraq, silahlar üzərində müstəsna nəzarətə nail olunacaq", - Aun bildirib.

Prezident həmçinin İsraillə münasibətləri və ABŞ-nin xüsusi nümayəndəsi Tom Barakın Livanın cənub sərhədində vəziyyətin normallaşdırılması ilə bağlı təkliflərini şərh edib.

"Livanın ABŞ-nin təklifini həyata keçirməsi üçün Suriya və İsrailin razılığı, eləcə də ABŞ və Fransanın zəmanəti lazımdır", - o qeyd edib.

Aun vurğulayıb ki, təhlükəsizlik sahəsində nizam-intizamın yaradılması Livanın suverenliyini zəiflətməyəcək, əksinə, onu gücləndirəcək.