“Kanada Bankı” uçot dərəcəsini sabit saxladı.
İndex.az xəbər verir ki, “Kanada Bankı” gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 4.50% səviyyəsində saxlayıb.
Açıqlamada qeyd olunub ki, “overnayt” faiz dərəcəsi 4,50%, bank faiz dərəcəsi 4,75%, depozit faiz dərəcəsi isə 4,50% səviyyəsində saxlanılıb.
Bununla yanaşı açıqlamada bankın sərtləşdirilmiş pul siyasətini davam etdirəcəyi və inflyasiyanın hələ də çox yüksək olmasına baxmayaraq, xüsusilə aşağı enerji qiymətləri səbəbindən qlobal iqtisadi artımın yavaşlamağa davam etdiyi bildirilib.
Açıqlamada ABŞ və Avropada qısamüddətli artım və inflyasiya proqnozlarının yanvar ayında gözləniləndən bir qədər yüksək olduğu, Çində iqtisadi artımın birinci rübdə bərpa olunduğu, maliyyə şərtlərinin yanvar ayından etibarən sərtləşdiyi və ABŞ dollarının gücləndiyi vurğulanıb.
Eyni zamanda açıqlamada ölkədə əmək bazarının gərgin olaraq qaldığı, məşğulluq artımının təəccüblü dərəcədə güclü olduğu, işsizlik səviyyəsinin tarixin ən aşağı səviyyələrinə yaxınlaşdığı və açıq iş yerlərinin artdığı qeyd edilib. Bildirilib ki, son rüblərdə məhsuldarlıq azalsa da, maaşlar 4-5% arasında artmağa davam edib.
“Kanada Bankı” yüksək inflyasiya ilə mübarizə aparmaq üçün 2022-ci ilin Mart ayından bəri ümumilikdə 425 bza bəndi olmaqla ardıcıl 8-ci dəfə uçot dərəcələrini artırdı. Son iclasda alınan qərarla “Kanada Bankı” təxminən bir ildən sonra ilk dəfə uçot dərəcəsini sabit saxladı.
