Xidmətlərin rəqəmsallaşması, onlayn ünsiyyətin artması bu sahədə fəaliyyət göstərən şirkətlərin işini daha da artırıb. Bu istiqamətdə reallaşdırılan layihələr və qarşıya çıxan problemlər barədə İndex.az-ın suallarını “Altair Technologies LLC” şirkətinin rəhbəri Balağa Cəfərov cavablandırıb:
Balağa bəy, Azərbaycanın mövcud İT xidmətlər bazarını necə qiymətləndirirsiz?
İT bazarının qiymətləndirilməsi bir neçə aspektdən aparıla bilər. Bazarda olan rəqabət səviyyəsi, ümumiyyətlə, İT-nin gündəlik həyatımızda olan əhəmiyyəti, İT xidmətlərinin inkişaf səviyyəsi. İT artıq çoxdandır ki, ayrı bazar kimi dəyərləndirilmir və bütün sahələrdə İT və avtomatlaşdırma ön plandadır. İT bazarı dedikdə bütün xidmətlərin İT yönünü müzakirə edə bilərik. İş adamı və İT sahəsində fəaliyyət göstərən şirkətin rəhbəri olaraq düşünürəm ki, bazar yetərincə rəqabətli deyil. Belə ki, bir çox İT məhsul və xidmət sektorunda rəqabət yoxdur və ya çox aşağı səviyyədədir.
Gündəlik həyatımızda İT rolu və həyatımıza daxilolma səviyyəsinə baxsaq, bəzi sektorlarda bu yaxşı səviyyədə olsa da, bəzi sektorlarda çox aşağı səviyyədədir. Misal üçün, online notariat xidmətindən istifadə edirik, amma hələ də supermarketlərdə özünəxidmət sistemləri istismar olunmur. Onlayn çatdırılma və ya qida sifarişi bazarı çox aktivdir, amma hələ də onlayn qeyri-qida məhsullarının kuryer xidməti avtomatlaşdırılmayıb. Ölkədə avtomatlaşmış postamatik sistemlərini yeni görməyə başlayırıq. Qeyd etdiyim kimi, ümumən rəqəmsallaşma və avtomatlaşma digər ölkələrlə müqayisədə hələ də yüksək səviyyədə deyil və açığı, rəqəmsallaşma sürətində də öndə olan ölkələrdən deyilik. Hələ görüləsi çox iş var.
Müştərilər daha çox hansı xidmətləri alırlar, tələbat nəyədir və niyə?
İlk suala cavabda qeyd etdim ki, İT artıq ayrı bazar deyil, istənilən fəaliyyət növünün önəmli mexanizmi halına gəlib. Bu səbəbdən məntiqi cavab budur: bizneslərdə mövcud proseslərin avtomatlaşdırılması və idarəolunmasında olan həllərə tələbat yüksəkdir. Müştəri və əməliyyat sayı artan bazarda artıq əl işi və əməkdaş sayının çoxalması sayəsində biznesi çevik, sürətli, daha verimli və rəqabətli etmək mümkün deyil. Artan əməkdaş sayı eyni zamanda artan xərc və problem deməkdir. Kadr çatışmazlığını və mövcud əməliyyatların daha da verimli olmasını, həmçinin, rəqəmsallaşma və avtomatlaşma sayəsində təmin etmək mümkündür və dünya sürətlə bu istiqamətdə inkişaf edir. Bununla bağlı bir neçə misal çəkə bilərəm. Bizim şirkətin təqdim etdiyi həllərdən biri maliyyə təşkilatlarında avtomatlaşmadır. Müştərilərim olan banklardan biri ölkədə rəsmi əməliyyatların artması fonunda xəzinələrinin gücünü artırmağa məcbur oldu, lakin bu, mövcud filiallarda mümkün deyildi. Yeni xəzinə yeni icazələr, yeni təmir, yeni əməkdaş deməkdir və həlli məhz ödəniş qəbulunun avtomatlaşması sayəsində tapıldı. Belə ki, bizim vahid şəbəkədən idarə olunan avtomatik ödəmə qəbulu sistemlərinin hər biri bir xəzinəni əvəz etdi və daha az xərclə bank nəğd ödəniş qəbulunu 30%-dək artırmağa nail oldu.
Digər layihəmiz anbar və logistika işi ilə bağlı idi. Anbarda artan qaimə toplama həcmi yeni işçi qüvvəsi tələbatını yaratdı. Lakin bu sürətlə qarşılana bilən tələb deyil - əməkdaşları seçmək, adaptasiyalarını təmin etmək, öyrətmək lazımdır. Bunun əvəzində şirkətimiz yeni avadanlıq və proqram təminatı təklif etdi və mövcud əməkdaşların verimliliyi 20%-dək artdı. Nəticədə İT sayəsində eyni əməkdaş sayı ilə şirkət 20% daha çox məhsulu anbarda emal edərək çatdırmaya çıxara bildi.
Başqa bir yeni məhsulumuz "Smart qıfıl" sistemidir. Bu sistem sayəsində hazırda başladığımız daha bir pilot layihə çərçivəsində müştərimiz yüzlərlə yük maşınını məsafədən idarə edə biləcək, sadəcə smartfon üzərindən avtomobili idarə edən şəxsə icazələr veriləcək və bu müştərinin itki risklərini ciddi şəkildə azaldacaq. Bu tip nümunələrlə gündəlik həyatımızda tez-tez qarşılaşırıq və sadəcə bizim şirkət deyil, digər İT şirkətləri də fərqli sahələri rəqəmsallaşdırır, avtomatlaşdırır – sadəcə ümumi tələb ölkə daxilində olan şirkətlərin imkanlarından qat-qat çoxdur.
Daha çox hansı şirkətlərə xidmət göstərirsiz - özəl, ya dövlət? Səbəbi nədir?
Daha çox özəl təşkilatlara xidmət göstəririk. Ana səbəb dövlət təşkilatlarının satınalma spesifikasıdır. Satınalma prosedurunun tam şəffaf təşkil olunmasına baxmayaraq, ondan öncə və ondan sonra olan proseslərdə ciddi boşluqlar var. Özəl təşkilatlar bu baxımdan daha şəffaf, daha hazırlıqlıdır. Ən azından texniki şərt yazılması və istəklərinin dəqiq müəyyən olunması, rəqəmsallaşma tələblərinin ümumi iş axınında nəyə xidmət etdiyini özəl şirkətlər daha yaxşı müəyyən edə bilir. Son illər dövlət təşkilatlarında olan mütəxəssis sayı və texniki hazırlıq səviyyəsi çox yüksəlib. Bir çox peşəkar yerli mütəxəssis artıq dövlət təşkilatlarında çalışmağa başlayıb. Lakin onların ümumi prosedurlara təsiri fundamental deyil və çeviklik təmin olunmur. Bəzən layihə təsdiq mərhələsinə gələndə bir çox aspekti artıq köhnəlmiş olur.
Kiçik biznes subyektlərinə dəstək məqsədli layihələriniz varmı? Onların əsas tələbləri nələrdir? Siz onlara necə dəstək ola bilirsiz?
Təəssüf ki, hazırda bu istiqamətdə davam edən layihəmiz yoxdur. Lakin 2023-cü ildən etibarək KOB-ların biznes fəaliyyətinin avtomatlaşdırılması üçün yeni maraqlı layihəmiz işə düşür. Bu layihəyə əsasən, kənardan maliyyələşmə hesabına biznesin avtomatlaşması üçün tələb olunan xüsusi proqram təminatı və konsultasiya xidmətini keyfiyyəti qorumaq şərti ilə daha sərfəli qiymətə təqdim edə biləcəyik. Hədəf – kənar maliyyələşmə təmin etməklə KOB-ları tam olaraq rəqəmsallaşdırmaq və hesabat sistemlərini şəffaflaşdırmaq, idarəetmə üçün yeni imkanlar təmin etməkdir.
Hansı yeni həllər təklif edirsiz?
Son 6 il ərzində şirkətimiz daha çox bank əməliyyatlarının avtomatlaşması və idarəolunması istiqamətlərində fəaliyyət göstərib. Lakin 2021-ci ildən etibarən yeni strateji planımıza əsasən yeni fəaliyyət sahələrini də əhatə etməyə çalışırq və artıq Ticarət, Anbar və Logistika, Kuryer xidməti, İnventarlaşma, Arxiv rəqəmsallaşması sahələrində də həllər təmin edirik. Bütün qeyd olunan sahələrdə artıq layihələr icra etmiş, komandamız bilik və bacarıqlarını inkişaf etdirib. Bu sahələrdə dünyada olan yeni imkanları daima araşdırırıq və yerli şirkətlərə təkli edirik, lakin qeyd etdiyimiz kimi, ümumi rəqəmsallaşma səviyyəsi bəzi həlləri bizim bazar üçün təəssüf ki, əlçatmaz edir. Ümumi qəbul etmə və infrastruktur, həmçinin qanunvericilik hələ ki, yenilikləri tam istifadə etməyə imkan vermir.
Rəqəmsallaşma və İT sahəsində kard potensialı hansı səviyyədədir? Əgər sizi qane etmirsə, nələr təklif edirsiz?
Rəqəmsallaşma ümumi anlayış olduğu üçün fərqli laylardan ibarətdir. Sadə İT şəbəkəsi və infrastruktur idarəolunmasında yetərincə kadr var, lakin daha böyük spesifik İT layihələrin idarəolunması üçün kadr potensialı təəssüf ki, çox zəifdir. Belə ki, nümunə kimi məlumat axınının idarəolunması – Big Data sahəsini qeyd edə bilərik. Bu sahə hazırda maliyyə, telekom, dövlət və ya ticarət sektorlarının inkişafı, ümumi ölkə miqyasında rəqəmsallaşma üçün kritikdir, lakin əksər böyük layihələr Türkiyə, Ukrayna, Belorusiya və ya digər Avropa ölkələrindən cəlb olunan mütəxəssislər tərəfindən icra olunur. İcra olunmuş uğurlu layihələrdən böyük loyallıq sistemi, rəqəmsal bank kimi bəzilərini qeyd etmək istəyərdim və təkrar edim ki, icraçılar xarici mütəxəssislərdir.
Digər tərəfdən mütləq qeyd etməliyəm ki, bütün bu layihələrdə iştirak etmiş yerli mütəxəssislər də ciddi bilik və bacarıq toplayəb. Həmçinin, yerli bank və telekom operatorları artıq daxildə müxtəlif tədris proqramları yaradıb, mütəxəssis yetişdirməyə başlayəblar. Düşünürəm ki, 2-3 il ərzində zənnimcə artıq bu layihələrin nəticələrini rəqəmsallaşmanın sürətlənməsində real olaraq görəcəyik. Bu məqsədə daha tez və yüksək göstəricilərlə çatmağımız üçün zənnimcə, layihə yönümlü tədris müəssisələrinə, mərkəzlərə əlavə qrantlar və dəstək təmin olunmalıdır, özəl təşkilatlar təcrübə toplama proqramları həyata keçirməlidir.
Son illərdə İKT sahəsinə qadınların marağı artıb, axın baş verir. Bunu necə qiymətləndirirsiz?
Təbii ki, bu tendensiyanı çox yüksək qiymətləndirirəm. Ölkədə biznes stereotiplərindən də biri budur ki, iş adamı, rəhbər və İT mütəxəssisi əsasən kişi olmalıdır. Lakin trend artıq dəyişməkdədir. 20-ci əsrin əvvəlində qadınlara səsvermə hüququ veriləndən bəri əsası qoyulan bu tendensiya xoşdur ki, 100 il sonra daha da güclənib. Bir çox bankda belə gündəlik ünsiyyətdə yeni rəqəmsal məhsul çıxaran xanımlar görürük və bu bizi çox sevindirir. Xanımların yaradıcı yanaşması və fərqli baxışı həmin məhsullara fərqli bir istiqamət və effektivlik qata bilir.
