İran-İsrail gərginliyi Yaxın Şərqdə gərginliyi artırır.
İndex.az xəbər verir ki, İsrail Livan Hizbullahının lideri Həsən Nəsrullahı öldürdükdən sonra İran sərt cavab verəcəyini açıqlayıb.
Ağ Ev rəsmisi İranın İsrailə hava hücumuna hazırlaşdığına dair kəşfiyyat məlumatı aldıqlarını açıqlayıb. Bəyanatdan bir neçə saat sonra İran İsrailə 500-ə yaxın raket zərbəsi endirib. Hücumda indiyədək heç kimin ölmədiyi bildirilsə də, az sayda israilli yaralanıb.
İranın hücumu Yaxın Şərqdə gərginliyi artırıb və bəzi aviaşirkətlər Yaxın Şərq ölkələrinə uçuşları ləğv edib. Havada olan mülki təyyarələrin marşrutlarını dəyişdiyi və Yaxın Şərqdən keçmədiyi müşahidə edilib.
Təxminən 60 təyyarə Ankara, İstanbul və Antalyaya yönləndirilib. "Qatar Airways" və "Emirates"in uçuşları ilk növbədə İstanbula, həm də Budapeşt, Afina və Qahirəyə yönəlir. Yanacaq doldurduqdan və yeni marşrut planlaşdırdıqdan sonra təyyarələr Aralıq dənizi və Misir və Səudiyyə Ərəbistanı hava məkanlarından təyinat yerlərinə çatacaq.
İranın hücumları nəticəsində Pegasus Hava Yolları da bəzi reyslərini ləğv edib. Aviaşirkət bu gün və sabah həyata keçirilməsi planlaşdırılan İran, İraq və İordaniya reyslərini uçuş təhlükəsizliyi ilə əlaqədar ləğv edib.
