İlon Maskın "Twitter" üçün gəlir axını olaraq düşündüyü "mavi tık" xidməti gözlənilən effekti verməyib.

İndex.az xəbər verir ki, İlon Maskın "Twitter"i aldıqdan sonra etdiyi ilk iş gəlir mənbəyi kimi "mavi tık" xidmətini işə salmaq olsa da, yanvar ayında ABŞ-da cəmi 180 min nəfər bu xidmətindən istifadə edib. Bu isə "Twitter" istifadəçilərinin 0.2%-ni təşkil edir.

Bütün dünyada "mavi tık" istifadəçilərinin sayı hələ də cəmi 290 min nəfərdir.

Qeyd edək ki, "Twitter"in "mavi tık" xidməti hələ də bir çox ölkələrdə aktiv deyil. Aktiv olduğu ölkələrdə isə istifadəçilər ayda 8 dollar ödəməklə "mavi tık"a sahib ola bilərlər. Hal-hazırda "Twitter" istifadəçilərinin ümumi sayını nəzərə alsaq, İlon Mask bu xidmətdən ən yaxşı halda belə cəmi 27.8 milyon dollar qazanc əldə edəcək.

İlon Mask isə "Twitter"in gəlirlərinin yarısının abunələrdən əldə olunmasını istəyirdi. Digər tərəfdən, maraqlısı budur ki, Maskın "Twitter"i alması nəticəsində yaranan borc yenə də "Twitter" tərəfindən ödənilir. Buna görə də, "Twitter" bu il faizlər istisna olmaqla 1 milyard dollar kredit ödəməlidir. Mask isə 2023-cü il üçün 3 milyard dollar gəlir əldə etməyi hədəfləyir.