İddia olunur ki, texnologiya milyarderi İlon Mask 2022-ci ildən Rusiya prezidenti Vladimir Putinlə müntəzəm ünsiyyətdədir.

İndex.az xəbər verir ki, kimliklərinin açıqlanmasını istəməyən Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin əlaqə saxladığı ABŞ, Avropa və Rusiya rəsmiləri ikisinin həm biznes, həm də geosiyasi mövzularda danışdıqlarını bildiriblər.

Rusiya kəşfiyyatının rəsmisi iddia edir ki, Kreml keçən il Maskla əlaqə saxlayıb və ondan Tayvan üzərində "Starlink" peyklərini aktivləşdirməsini istəyib. Bu tələbin Rusiyanın Qərb sanksiyalarından yan keçmək üçün getdikcə daha çox arxalandığı Çinə yaxşılıq kimi edildiyi iddia edilir. Danışıqlara baxmayaraq, "Starlink" hələ Tayvanda işə salınmayıb. Çinin Vaşinqtondakı səfirliyi iddialara münasibət bildirməyəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə iddia edib ki, Putin və Mask arasında yeganə telefon danışığı kosmik texnologiyalar və gələcək texnoloji inkişaflar haqqında danışıqdan ibarətdir. O, bildirib ki, Putin və ya Kreml rəsmilərinin Mask ilə müntəzəm görüşməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.