Azərbaycanda boclu şəxsin əvəzinə başqasının əmlakına həbs qoyulub.

İndex.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, 2015-ci ildə Bakı şəhəri, Xətai rayonunda qeydiyyatda olan fiziki şəxsin vergi borcu olduğu üçün İnzibati Məhkəmə vergi borcu ilə bağlı qərar qəbul edib.

Xətai rayonunun icra məmuru borclunun adı, soyadı və atasının adını (məlumatlar redaksiyamızda var, lakin qarşı tərəf açıqlanmasını istəmir – red.) verməklə Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərib. Komitədən sorğuya cavab olaraq bildirilib ki, həmin ad və soyadlı şəxsin Qazax rayonunda torpaq sahəsi var. İcra məmuru sorğunun cavabını məhkəməyə təqdim edib. Öz nöbəsində məhkəmə qətnamənin icrası ilə bağlı icra məmurunun vəzifə üzrə tərbirlərinə uyğun olaraq təqtimatın təmin olunması, borclu borcu ödəyənə qədər onun əmlakının üzərinə həbs qoyulması ilə bağlı qərar qəbul edib.

Məsələnin üstündən 7 il keçdikdən sonra Qazax rayon sakini öz torpağını satmaq istəyərkən üzərinə həbs qoyulduğunu öyrənib. Məsələni araşdırarkən bəlli olub ki, borclu şəxslə qeydiyyat yeri, təvəllüdü fərqli olmasına baxmayaraq, sırf adı soyadı və ata adı eyni olduğu üçün icra məmurunun yalnış sorğusu səbəbindən başqa şəxsin əmlakına həbs qoyulub.

Ad, soyad və ata adının eyni olmasının qurbanı olan Qazax sakini Xətai rayon icra şöbəsinə məktubla müraciət etsə də, nə işin materialını tapa biliblər, nə də müraciəti cavablandırıblar. Zərərçəkən məhkəməyə müraciət etdikdə isə məhkəmə özü öz qərarını ləğv edib və texniki səhv olduğunu bildirib.

Beləliklə, icra məmurunun texniki səhvi üzündən vətəndaş, vəkil və yol xərclərini nəzərə aldıqda, təqribi 500 manat xərcə düşüb. Əslində icra məmurunun belə bir işi hansı məqsədlə gördüyü də şübhəli qalır. Çünkü məsələ belə olduqda borclu şəxsin heç bir əmlakına həbs qoyulmayıb.