son günlər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini Rəsilə Əliyevanın məktəbli bir qızı döyməsi böyük səs-küyə səbəb olub. Taleh Qaraşov artıq 10 ildir ki, idarə etdiyi şəhərdə ən böyük problemin ən yaxınında olmasından xəbərsiz idimi? Hadisə baş verdikdən sonra rayon sakinləri onsuzda razı qalmadıqları Rəsilə Əliyevadan narazılıqlarını bir daha dilə gətirdilər. Belə baxanda heç rayonun başçısı Taleh Qaraşovdan da, razı deyillər.
Bu minvalla İndex.az saytı olaraq Taleh Qaraşov haqqında araşdırma apardıq.
Taleh Ayaz oğlu Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.

1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.
Taleh Qaraşovun xidməti dövründə, hətta günümüzdə də, barəsində iddia və xəbərlər bitib tükənmək bilmir. Belə ki, keçmişə nəzər salsaq müxtəlif məqalələrdə, yazılarda T.Qaraşov haqqında şikayətlərə, barəsində gəzən söz-söhbətlərə rast düşə bilərik. Onlardan bir neçəsinə nəzər yetirək:
İddialardan birində Taleh Qaraşovun səhhətində cüzi narahatlıq yarandığında birbaşa helikopterlə Bakıya getməsi qeyd olunur. 2018-ci ildə yayılmış başqa bir xəbərdə Qaraşovun 11 nəfərlik ailə üzvi ilə birlikdə AZAL şirkətinin Bakı-Praqa reysi ilə istirahətə getdiyi deyilir. Xəbərdə o da qeyd olunub ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonundakı faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb. Ailənin otel xərclərini hesablamaq çətin deyil. 251 min dollar!

Belə xəbərlərlə gündəmdən düşməyən Qaraşovdan Lənkəran əhalisi də açıq aşkar narazılıqlarını bildirirlər. İcra başçısının 10 ildə fəaliyyətinin ancaq özünün və ailəsinin büdcəsini artırmaqdan, biznes qurmaqdan ibarət olduğu deyilir.
Qaraşovun ailəsi də ən azı özü qədər gündəmdədir. Belə ki, oğlanları haqqında gəzən söhbətlər özü haqqında gəzənlərdən daha çoxdur. Hələ 6 il qabaq mətbuatda Qaraşovun böyük oğlu Seymur Qaraşovun Lənkəranda tikinti sahəsini əlində cəmləşdirdiyi haqqında məlumatlar dolaşırdı. Həmin məlumatda deyilir ki, icra başçısının «Hacı» ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin onun və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır.
Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib. Verilən məlumatda vurğulanır ki, hal hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, tender yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür. Bundan başqa Seymur Qaraşovun adı Lənkəran Gənclər Mərkəzi ilə bağlıda gündəmə gəlib. Mətbuatın yazdığına görə, Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.

Qaraşovun digər oğlu Vüsal Qaraşovda biznes məsələsində heçdə qardaşı və atasından geri qalmır. Belə ki, əvvəllər Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışan Vüsal işlədiyi müddətdə Beyləqan bazarını aldığına dair xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki, Beyləqan rayonunda tikilən bazarı iş adamı İlham Qasımov 600 min manat xərc çəkərək alıb. Məlumatlarda o da göstərilir ki, iş adamının bazardakı şəriki Lənkəran icra başçısı Taleh Qaraşovun oğludur. Belə ki, alınan bazarın pulunun xərcinin yarsını məhz icra başçısının oğlu verib. Polisdən qovulduqdan sonra isə Vüsal öz biznesini Rusiyada davam etdirib. Taleh Qaraşovun oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib. Şirkət 10 min rubl nizamnamə kapitalı ilə vilayətin 1 nömrəli vergi idarəsində 1173328006070 saylı lisenziya alıb. Şirkət Muromtcevo qəsəbəsinin Pervomaysk küçəsi 70 ünvanındakı binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib. Şirkəti Bursikova Yekaterina Vasilevna adlı şəxs idarə edib. 2019-cu ilin yanvarında Vüsal Qaraşov şirkətin ləğv olunması üçün yerli vergi orqanlarına müraciət edib.
Taleh Qaraşovun müavini Rəsilə Əliyeva haqqında da söz söhbətlər hələ illər öncədən mətbuatda dolaşır. 2020-ci ilin 16 martında Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkə hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib. Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib. Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayıb:
1. "Dəniz Hotel” (anasının adına sənədləşdirilib)
2. Bakıda, "Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)
3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil
4. Lənkərənda, dəniz kənarında villa
5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi
6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil
7. Lənkəranda, "RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil
8. Lənkəranda, "EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

Maraqlıdır ki, yazını bütün saytlar tirajlayandan az sonra ekspertin "Youtube” kanalandakı açıqlaması yoxa çıxdı. Bununla yanaşı Qaraşov və onun müavinin eyni markalı 150 min manatlıq avtomobil idarə etdikləri bildirilir. Rəsilə Əliyevanın 90-EG-800 dövlət qeydiyyat nişanlı avtomobili Lənkaranda hər kəs tərəfindən tanınır. Son hadisələrdə ikili haqqında yayılan söz-söhbətlər isə daha da çoxaldı. Taleh Qaraşov isə Rəsilə Əliyevanı işdən çıxarması ilə bağlı verilən suallardan birinə cavab vermək istəmədiyini bildirsə də, başqa bir həmkarımıza aqressiv cavab verərək telefonu üzünə söndürüb.
