Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.

Təsdiq edilmiş yeni qayda avtomobillərin qiymətinə, ümumilikdə bu bazara necə təsir göstərəcək?

Bununla bağlı İndex.az-ın suallarını cavablandıran ekspert Eyyub Əliyev bildirdi ki, qərarın qəbul edilməsi gözlənilən bir hal idi:

“Sonuncu dəfə icbari sığorta ilə bağlı qərar 11 il əvvəl qəbul edilmişdi. Yeni qərarın ən önəmli hissəsi odur ki, zərərçəkən artıq pulu müqavilə bağladığı sığorta şirkətindən alacaq. Bilirsiniz ki, əvvəl biz qəzadan sonra düşürdük sğorta şirkətlərinin arxasınca. Digər əsas məsələ sürücülərin artıq iki hissəyə ayrılmasıdır. Hansı ki, bu sürücülərin bir hissəsi qəzalarda daha çox iştirak edən, səliqəsiz sürücülərdir. İkinci hissəsi isə qəza törətməyən, iştirak etdiyi qəza və ya qəzalarda günahsız olan səliqəli sürücülərdir. Belə olan halda daha təcrübəli, diqqətli, qəzasız sürücülərlə müqavilə imzalanarkən müxtəlif bonuslar nəzərdə tutulub. Digər sürücülərlə isə bunun əksi olacaq… Yeni qərarın avtomobil qiymətlərinə təsirinə salonlarda rast gələcəyik. Belə ki, vətəndaş salondan avtomobil alarkən, bildiyimiz kimi, qiymətin üzərinə kasko və icbari sığorta xərcləri gəlinir. Bu zaman səliqəli, qəzasız sürücülərin ödənişinin icbari sığorta hissəsində sürücüyə endirim olunacaq. Daha çox qəzalarda iştirak etmiş sürücülərdə isə bu qiymət daha baha olacaq. Qərarın ümumi avtomobil satışına böyük bir təsiri olacağına inanmıram. İlk dönəmlərdə bazarda yeni qaydanın çox cüzi təsiri ola bilər”.

Ekspert Eldəniz Cəfərov isə İndex.az-a bildirdi ki, sığorta qaydalarının dəyişməsi avtomobil bazarında hansısa seqmentə tələbi artırıb-azaltmayacaq:

“Yeni qayda sadəcə sığorta şirkətləri arasındakı öhdəlikləri dəyişir, sığorta məbləğlərini dəyişir. Təxmini hesablamama görə yeni sığorta qiymətlərində 30 faiz artım müşahidə olunacaq. Lakin bu o demək deyil ki, avtomobillərin qiymətlərində kəskin artım olacaq. Yeni qaydanın avtomobil bazarına təsiri olmayacaq”.