2024-cü ildə Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 364,7 milyon manat proqnoza qarşı icra 338,5 milyon manat (26,2 milyon manat və yaxud 7,2 % az), 2023-cü illə müqayisədə isə 45,7 milyon manat və yaxud 15,6 % çox icra olunub.
İndex.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 65,1 %-i və yaxud 220,3 milyon manat qeyri-neft-qaz, 34,9 %-i və yaxud 118,2 milyon manatı neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə əmlak vergisindən 220,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 26,4 milyon manat və yaxud 10,7 % azdır. Proqnozdan az daxilolmaya səbəb qeyri-neft sektoru üzrə hesablanmış əmlak vergisinin tam həcmdə yığımının həyata keçirilməməsi ilə əlaqədardır. Belə ki, qeyri-neft sektoru üzrə əmlak vergisində 286,7 milyon manat hesablama olduğu halda, onun yalnız 76,8 %-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
