HSBC, ABŞ-da on ilin ən böyük bank uğursuzluğunu yaşayan “Silicon Valley Bank”ının (SVB) İngiltərədəki aktivlərini satın alır.

İndex.az xəbər verir ki, “Sky News”un məlumatına görə, HSBC “Silicon Valley Bank”ının İngiltərədəki törəmə şirkətini 1 funta əldə edəcək.

Martın 10-na olan məlumatlarda SVB-nın İngiltərədə 5,5 milyard funt sterlinq kredit portfelinə və təxminən 6,7 milyard funt-sterlinq depozitə malik olduğu göstərilir.

HSBC-nin baş direktoru Noel Quin açıqlamasında bildirib ki, bu alış HSBC-nin Böyük Britaniyadakı əməliyyatları üçün mükəmməl strateji məna kəsb edir:

“SVB-nın İngiltərədəki müştəriləri əmanətlərinin HSBC-nin gücü və təhlükəsizliyi ilə dəstəkləndiyini bilərək həmişəki kimi bank fəaliyyətlərinə davam edə bilərlər".

Qeyd edək ki, SVB İngiltərədə 2022-ci ildə 88 milyon funt-sterlinq məbləğində rekord gəlir əldə etmişdi.