Hindistanda müxalifətlə Narendra Modi hökuməti arasında gərginliyə səbəb olan milyarder Qautam Adaninin sahibi olduğu "Adani Group"un saxtakarlıq və birjada manipulyasiyalar etməsi ilə bağlı iddialar araşdırılır.
İndex.az xəbər verir ki, Hindistanın "Qiymətli Kağızlar və Birja Şurası" (SEBI) ABŞ-da yerləşən investisiya araşdırma şirkəti "Hindenburg Research"in milyarder Qautum Adaninin sahib olduğu şirkətlərin saxtakarlıq və manipulyasiya etmələri ilə bağlı iddialarını araşdırmağa başladığını təsdiqləyib.
SEBI, Ali Məhkəməyə təqdim etdiyi ərizədə, "Adani Group"un iddialardan əvvəlki və sonrakı bazar hərəkətlərini araşdırdığını bildirib.
Müxalifət, xüsusən də "Konqres Partiyası", Baş nazir Modini "Adani Group" ilə uzun müddətdir sıx əlaqələrə malik olduğuna görə tənqid edir.
Bununla yanaşı, "Konqres Partiyası" hökuməti, "Hindistan Dövlət Bankını" (SBI) və "Dövlət Sığorta Şirkəti"ni "Adani Group"a investisiya qoymağa məcbur etməkdə ittiham edir.
