2025-ci ildə Hesablama Palatasının büdcəsinin icrası 84,2 % olub.

İndex.az xəbər verir ki, bu barədə qurumun 2025-ci il büdcəsinin icrası ilə bağlı hesabatında qeyd edilib.

Məlumata görə, Palatanın 2025-ci il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 590,5 min manat təşkil edib. İl ərzində büdcənin kassa icrası 9 milyon 764,9 min manat olub ki, bu da ümumi büdcənin 84,2 %-nə bərabərdir.

Bildirilib ki, icra olunmayan vəsaitin əsas hissəsi əməyin ödənişi, malların (iş və xidmətlərin) satınalınması, eləcə də sosial ödənişlər üzrə qeydə alınıb.

Hesabatda qeyd olunub ki, büdcə üzrə icra səviyyəsinin nisbətən aşağı olmasının əsas səbəbləri Palatanın ştat cədvəlində vakant vəzifələrin mövcudluğu, dövlət satınalmaları zamanı qənaətin yaranması, habelə bəzi xarici ezamiyyət xərclərinin dəvət edən tərəf hesabına maliyyələşdirilməsi olub.

Bununla yanaşı, dövlət tərəfindən tənzimlənən bəzi qiymətlərin il ərzində dəyişdirilməsi, o cümlədən yanacaq qiymətlərindəki dəyişikliklər də qənaətin formalaşmasına təsir göstərib.

Qeyd edək ki, bütün bu amillər nəticəsində Hesablama Palatasının 2025-ci il üzrə büdcə icrası planlaşdırılan göstəricilərdən aşağı olub.