Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi gündəmdə deyil.

İndex.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” bəyan edib.

Qurumun yaydığı açıqlamada bildirilir ki, bu məsələ ilə bağlı yayılan məlumatlar onlar üçün anlaşılmazdır.

“Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası barədə hər hansı müzakirə aparılmır. Buna görə də bu məsələnin niyə gündəmə gətirildiyi bizim üçün tamamilə anlaşılmazdır”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, Rusiyanın baş nazir müavini Aleksey Overçuk bildirib ki, Abxaziya ərazisindən keçməklə Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası müzakirə olunur.

Onun sözlərinə görə, Qafqazda bloklanmış bütün yolların açılması istiqamətində iş aparılır və bu çərçivədə sözügedən dəmir yolu xəttinin bərpası da nəzərdən keçirilir.

Overçuk qeyd edib ki, dəmir yolunun bərpası Rusiyanın Azərbaycan, Türkiyə və İranla əlaqəsini təmin edəcək, həmçinin Fars körfəzi və Hind okeanı limanlarına çıxışı genişləndirəcək.